“Mikroskop Media”ya kiberhücum olub, təsisçilər Azərbaycan hökumətindən şübhələnir

“Mikroskop Media”ya kiberhücum olub, təsisçilər Azərbaycan hökumətindən şübhələnir Foto: sosial media
17 Sentyabr 2023
Mətni dəyiş

Cavid Abdullayev: “Durduq yerə Azərbaycandan olan müstəqil saytı kim, niyə sındırsın?”

“Mikroskop Media” (mikroskopmedia.com) saytına kiberhücum olub, sayt dağıdılıb. Abzas Media-ya bu barədə məlumatı saytın həmtəsisçis Cavid Abdullayev verib.

Abdullayev deyir ki, sentyabrın 16-da sayta yazı qoymaq üçün panelə daxil olanda ad və şifrənin yanlış olduğu yazılıb. Onun sözlərinə görə, əsas səhifəyə keçəndə isə orada saytın sındırıldığını və geri qaytarılması üçün kripto valyuta tələb edildiyini görüblər:

“Gün ərzində sayta bir neçə İT mütəxəssis baxış keçirdi. Məlum oldu ki, admin panel tamamilə silinib. “Backup”ların bir hissəsi silinib. Kontent data kilidlənib. Onu da dəqiqləşdirə bildik ki, sayt komanda işi olaraq “hack” edilib. 13 sentyabrdan bəri bir neçə dəfə sayta giriş olub və 16 sentyabrda sındırılıb. Hazırda saytı texniki işlər üçün qapatmışıq. Texniki işlər görüldükdən sonra ən qısa vaxtda yenidən “public” edəcəyik”, - o, bildirib.

Cavid Abdullayev deyir ki, sayta kiberhücumun təşkil olunması ilə bağlı ilk versiya bunun Azərbaycan hökuməti tərəfindən təşkil edilməsidir. Onlar ehtimal edirlər ki, hücum Qarabağda baş verənlər haqqında saytda dərc edilən məqalələrə görədir:

“İlk dəfədir ki, sındırılan müstəqil saytdan onu geri qaytarmaq üçün kripto valyuta ilə pul tələb olunur. Az pul da deyil. Təxminən 25 min avro. Danışdığımız İT mütəxəssislər düşünür ki, bu, sadəcə pul üçün edilən hücum deyil. Pul üçün edilsəydi, bütün arxiv silinərdi və geri qaytarılması üçün pul tələbinin bir məntiqi olardı. İndiki vəziyyətdə isə arxivin bir hissəsi qalır və geri qaytarmaq mümkün olacaq. Vəziyyət qarışıqdır deyə konkret kimisə ittiham edə bilmirik. Amma durduq yerə Azərbaycandan olan müstəqil bir saytı kim, niyə sındırsın? Ona görə də ağlımıza gələn ilk versiya elə hökumətin bu addımı atmasıdır”, – deyə Cavid Abdullayev bildirib.

Bundan əvvəl 2021-ci ilin noyabrında Azərbaycanda fəaliyyət göstərən “Toplum TV” internet televiziyasının “Facebook” hesabına kiberhücum olub. Hücum nəticəsində kanalda müxalifət liderlərilə müsahibələr və 20 min izləyici silinib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun