Ermənistanda etirazlar başladı, Paşinyanın istefası tələb olunur

20 Sentyabr 2023
Mətni dəyiş

Ermənistanda hökumət əleyhinə mitinq keçirilib. Azərbaycanın Qarabağda hərbi əməliyyata başlamasından sonra Yerevanda insanlar Respublika meydanındakı hökumət binasının qarşısına toplaşıblar. Aksiya iştirakçıları, o cümlədən “Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan Nikol Paşinyanın istefasını tələb ediblər. Azadlıq Radiosunun erməni bürosunun məlumatına görə, etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar müşahidə edilib. Nəticədə aralarında polislərin də olduğu xeyli insan xəsarət alıb. Ermənistan Daxili İşlər Nazirliyi hələlik yaralanan polislərin sayını açıqlamayıb. Səhiyyə Nazirliyi məlumat verib ki, “toplanan etirazçıların törətdiyi iğtişaşlar nəticəsində polis əməkdaşları və vətəndaşlar tibbi yardıma müraciət ediblər”. Hadisə yerində yaralılara ilkin tibbi yardım göstərilib, bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Bundan əvvəl İstintaq Komitəsi kütləvi “iğtişaşlara açıq çağırışlar” və “kütləvi iğtişaşların təşkili”ndə iştirak faktları üzrə cinayət işi açıldığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun