"D18 - Demokratiya 1918" Hərəkatı fəaliyyətini dayandırıb

"D18 - Demokratiya 1918" Hərəkatı fəaliyyətini dayandırıb Foto: sosial media
11 Sentyabr 2023
Mətni dəyiş

Həbslər, yerli və beynəlxalq ictimaiyətin susqunluğu, resurs çatışmazlığı...

"D18 - Demokratiya 1918" Hərəkatı buraxılıb.

Abzas Media-ya bu barədə hərəkatın sədri Əhməd Məmmədli məlumat verib. Onun sözlərinə görə, hərəkatın fəaliyyətinə xitam verilməsilə bağlı qərar sentyabrın 10-da keçirilən növbədənkənar qurultayda qəbul edilib.

Məmmədli deyir ki, hərəkatdakı dəyişiklik martdan bəri müzakirə olunub: “Biz növbədənkənar qurultay keçirmək istəyirdik. Ancaq Afiəddin Məmmədovun və Samir Sultanovun həbsinə görə bu məsələ qaldı. Sonradan təxirə salınan qurultayı keçirib, başqa adla fəaliyyəti davam etdirmək istəyirdik. Ancaq hərəkatın İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasında olan həbslərdən, bu həbslərə yerli və beynəlxalq ictimaiyətdən yetərincə reaksiya gəlməməsindən, bəzi işçilərin qismən geri çəkilməsindən, resurs yoxluğundan sonra fikrimiz dəyişdi”.

Ə.Məmmədli deyir ki, qərar qəbul ediləndə o da nəzərə alınıb ki, “Siyasi partiyalar haqqında” qanundan sonra siyasi fəaliyyət daha da məhdudlaşdırılacaq:

“Siyasi durğunluq, təşkilatın sıralarının genişlənə bilməməsi bizi artıq yeni hərəkat fikrindən daşındırdı və mövcud hərəkatın fəaliyyətinə xitam verilməsinə gətirib çıxardı. Üzvlərin əksəriyyəti də bu fikri dəstəkləyirdi. Biz də növbədənkənar qurultayda səs çoxluğu ilə qərar qəbul etdik ki, fəaliyyət dayandırılmalıdır. Biz hərəkatın həbsdə olan üzvlərinin müdafiəsini yenə təşkil edəcəyik, ancaq artıq fərdi qaydada”.

Qurultayda hərəkatın fəaliyyətinə xitam verilsə də, son 23 ayda qurum daxilində yaradılmış “İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası”, “Tələbə Güc Mərkəzi” və digər regional işçi qruplar fəaliyyətlərini müstəqil şəkildə davam etdirəcəklər.

"D18 - Demokratiya 1918" Hərəkatı 2014-cü ildə yaradılıb. Hərəkatın ilk sədri Ruslan İzzətli olub. 2021-ci ilin sentyabrında keçirilən qurultaydan sonra hərəkata Əhməd Məmmədli rəhbərlik edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun