Avropa Parlamentində Azərbaycan rəsmilərinə qarşı sanksiya tətbiqi tələb olunur

Avropa Parlamentində Azərbaycan rəsmilərinə qarşı sanksiya tətbiqi tələb olunur Foto: The European Parliament
14 Sentyabr 2023
Mətni dəyiş

Avropa Parlamentində Qubad İbadoğlunun dərhal azad edilməsilə bağlı qətnamənin qəbuluna dair birgə çağırış qəbul edilib

Avropa Parlamentində hazırda Azərbaycanda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlunun dərhal azadlığa buraxılması üçün qətnamənin qəbuluna dair birgə çağırış edilib.

Avropa Parlamentinin ortaq çağırışına əsasən, Azərbaycanla bağlı əvvəlki qətnamələri də nəzərə alaraq, Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunur, onun adekvat tibbi müalicə və dərman vasitələrinə dərhal çıxışının təmin edilməsi təkid edilir, ona qarşı irəli sürülən ittihamların qondarma olduğu, onun vətəndaş fəallığından irəli gəldiyi və siyasi motiv daşıdığı vurğulanır. 

Həmçinin İnsan Haqları üzrə vitse-prezident (VP/HR), Avropa Xarici Əlaqələr Xidməti (EEAS) və üzv dövlətlər Azərbaycanda ciddi insan hüquqları və demokratiya pozuntularını pisləməyə, bütün ikitərəfli görüşlərdə və gələcək tərəfdaşlıq sazişi üçün danışıqlar zamanı Qubad İbadoğlunun işi kimi halları qaldırmağa, razılaşmaların bütün siyasi məhbusların azad edilməsilə şərtləndirilməsinə çağırılır.

Azərbaycan hakimiyyətinə ünvanlanan bütün siyasi məhbusların – həbsdə olan müstəqil jurnalistlərin və hüquq müdafiəçilərinin azad edilməsi, onlara qarşı bütün siyasi motivli ittihamların geri çəkilməsi və repressiyaların dayandırılması çağırışı da sənəddə yer alıb.
Qubad İbadoğluna qarşı pis rəftara və onun qanuni hüquqlarının pozulmasına dair müstəqil araşdırma aparılması, o cümlədən onun qohumlarının ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı Azərbaycan hakimiyyətinə çağırış edilib.

Bundan başqa, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Qubad İbadoğlunun məhkəmə prosesini izləməyə, həbsdə olan şəxsə baş çəkərək, səhhətinə nəzarət etməklə onun işinə dəstək verməyə çağırılıb.

Qəbul edilən birgə çağırışda Azərbaycan hökuməti öz vətəndaşlarının insan hüquqlarını qorumağa, ifadə, toplaşma və birləşmək azadlıqlarının dinc şəkildə həyata keçirilməsi üçün azad və təhlükəsiz mühiti təmin etməyə səslənir.

Avropa Parlamenti eyni zamanda Aİ Qlobal İnsan Haqları Sanksiya Rejimi çərçivəsində ciddi insan hüquqları pozuntularına yol vermiş Azərbaycan rəsmilərinə qarşı Aİ sanksiyalarının tətbiq edilməsinə çağırır.

Çağırışın sonunda Avropa Parlamenti öz prezidentinə tapşırır ki, bu qərarı Komissiyanın vitse-prezidentinə, İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinə, üzv dövlətlərin hökumətlərinə və parlamentlərinə, həmçinin Azərbaycan prezidentinə, hökumətinə və parlamentinə göndərsin.

Birgə çağırışın qəbul edilməsi üçün keçirilən səsvermədə 569 millət vəkili iştirak edib. Onlardan 539 nəfər lehinə, 6 nəfər əleyhinə səs verib. 24 nəfər bitərəf qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun