Qubad İbadoğlu "dini ekstemizm"də ittiham olunur

Qubad İbadoğlu "dini ekstemizm"də ittiham olunur Foto: sosial media
25 Avqust 2023
Mətni dəyiş

Siyasətçinin qızı Jalə Bayramova: "Bizə işarə edirlər ki, onlar terrorizmi də, silahlı qruplaşmanı da ittihama salmaq istəyirlər" 

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının lideri Qubad İbadoğluna yeni ittiham verilib. 

O, Cinayət Məcəlləsinin  167-3.1.-ci maddəsi (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma)  ilə ittiham olunur.

Bu barədə siyasətçinin qızı Jalə Bayramova Abzas Media-ya məlumat verib. 

O bildirib ki, ofisdə axtarış zamanı götürülən sənədlərin heç biri protokola qeyd olunmayıb. Bu da imkan verir ki, istintaq orqanı istənilən ittiham üçün "sübut uydursun". 

"İttihamı onunla əsaslandırırlar ki, guya ofisdəki axtarış zamanı Fətullah Gülənə (oxu:"Hizmət hərəkatı"-nın rəhbəri, Amerikada yaşayan ilahiyyatçı) aid müxtəlif kitablar çıxıb. Amma axtarış protokolunda ümumiyyətlə kitablarla bağlı məlumat yoxdur. Qubad İbadoğlu və vəkili ofisdən götürülən sənədlərin protokolda qeyd olunmasını tələb etsələr də, bunu etməyiblər. Oradan nə istəyirlər çıxara bilərlər- Gülən, İŞİD, erməni diasporu haqqında olmayan kitabları...Onun haqqında hökumət mediasında sadaladıqlarımla bağlı qaralama kampaniyası aparılır. 

Bizə bir işarə də edirlər ki, onlar terrorizmi də, silahlı qruplaşmanı da ittihama salmaq istəyirlər. Bu o deməkdir ki, axtarış protokolunda yaza bilərlər ki, ofisdən "tank" da çıxdı. Bütün bu ssenari gülməli səslənir. Çünki axtarış protokolunda ümumiyyətlə kitabın adı yoxdur. Həmin kitablar ofisdə mövcud olmayıb"- deyə J. Bayramova bildirib. 

O bildirib ki, atası dindar adam deyil, heç bir dini vəzifəni də icra etməyib. 

O, Q. İbadoğlunun ittihamlarına başqa maddələrin də əlavə olunacağını gözlədiyini deyib. 

"Xarici təşkilatların Qubad İbadoğlu ilə bağlı artan dəstəyini gördükcə onu dinə bağlamaq istəyirlər. Bunun məqsədi sadəcə beynəlxalq dəstəyi azaltmaqdır. Lakin Qubad İbadoğlunun evində "tank"da peyda olsa, bu heç bir beynəlxalq təşkilatın dəstəyini azaltmayacaq",- J. Bayramova əlavə edib.

Qubad İbadoğlunu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Daha sonra ona məxsus mülklərdə axtarış aparılıb. İyulun 24-də Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun