İqtisadçı: “Gözləmək olar ki, AQTA hansısa yeni inhisarçının yoluna qırmızı xalça döşəyir”
Avqustun 14-də Qida Təhlükəsizlik Agentliyi “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib. Agentlik bunu şirkətin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsilə əlaqələndirib.
“Qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub”, – deyə AQTA-nın açıqlamasında qeyd olunub.
Ancaq şirkətin fəaliyyətinin dayandırılması birmənalı qarşılanmır.
“Bu, iqtisadiyyata böyük zərbə vuracaq”
İqtisadçı ekspert Elçin Rəşid güman edir ki, AQTA-nın bu davranışı hansısa özəl şirkətlərə qarşı şantaj xarakteri daşıyır və insanları işsiz qoyacaq. Onun sözlərinə görə, AQTA açıqlamada yazdıqlarından çox naşı olduğunu göstərir:
“Yazıblar ki, isti və soyuq zəncirin qaydaları pozulub. Wolt daşıma şirkətidir, qida hazırlama şirkəti deyil. Daşımanı da xüsusi qutularda edir. Burda tərəflər razıdırsa, AQTA-nın bura müdaxilə etmək hüququ yoxdur, çünki qida təhlükəsizliyi problemi yaratmır.
Bu yaxınlarda biz sərnişindaşıma sektoru ilə bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin iqtisadi baxımdan savadsız çıxışını gördük. Sonradan məlum oldu ki, bazara yeni şirkət gəlir və digər şirkətlərdə kartel (Kartel sövdələşməsi - eyni sahədə fəaliyyət göstərən müəssisələrin inhisarlaşdırılması. Cinayət məsuliyyəti yaradır) qaydasında qiymətləri qaldırdılar. Göründü ki, bazara yeni şirkət gəlir və onun yoluna qırmızı xalça sərirlər.
Vətəndaşların vergisi və sərvəti olan neft gəlirlərilə fəaliyyət göstərən nazirlik elə həmin vətəndaşların başını aldatmaqla, onların maraqlarına zidd olan belə bir qərar verməklə məşğuldur. Burada da gözləmək olar ki, onlar hansısa yeni izdivacın yoluna xalça döşəyirlər”.
Ekspert deyir ki, şirkətin fəaliyyətinin dayandırılması istehlakçıları da faydadan məhrum edəcək:
“Necə ki, rəqəmsal inkişaf və rabitə nazirinin o vaxtkı açıqlaması ölkə iqtisadiyyatının əleyhinə idi, AQTA-nın da bu açıqlaması ölkə iqtisadiyyatının əleyhinədir. Burada da hansısa başqa məqsədlər gözləmək olar. Şirkətin içində işçilər yaxşı təşkilatlanmışdılar, hüquqlarını tələb edirdilər. Təbii ki, indi onlara hüquqlarını vermək istyəməyənlər tərəfindən cəzalandırılırlar”, – deyə E.Rəşid bildirib.
“Bu, düzgün yol deyil”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, rəsmi şikayətlər olmasa da, pandemiya dövründə “Volt Azərbaycan”la bağlı vətəndaşlardan şikayətlər daxil olub, ancaq bu, şirkətin fəaliyyətinin dayandırılmasına əsas ola bilməz. Onun sözlərinə görə, biznes qurumunu bağlamaq yox, standartlara uyğunlaşdırmaq daha doğru yoldur:
“Biri çörək bişirməklə məşğuldur, gedib onu bağlayırlar. Düzgün yol deyil. Dövlət orqanının işi odur ki, bazarda rəqabət şəraiti yaratsın və məhsullar standartlara uyğun, istehlakçılar üçün əlçatan olsun. Bilmirəm indi elədir ya yox, ancaq bəzən hökumətin belə addımlarının arxasında hansısa inhisarçıya yol açmaq istəyi olur”, – deyə E.Hüseynov bildirib.
Kuryerlərin həbsi
Avqust ayı ərzində ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov inzibati qaydada, üzvlər Elvin Mustafayev və Ayxan İsrafilov isə narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs ediliblər. Hərəkatın digər üzvü Orxan Zeynalov haqda isə borc öhdəliyini ödəməməsi əsası ilə cinayət işi açılıb. Zeynalov sonradan polis təqibilə üzləşdiyini bildirib.
Elvin Mustafayev, Ayxan İsrafilov və Orxan Zeynalov kuryer işləyirlər və kuryerlərin əmək şəraiti ilə bağlı etirazlarında fəal iştirak ediblər.