DİN: Afiəddin Məmmədov 30 sutka həbs olunub

DİN: Afiəddin Məmmədov 30 sutka həbs olunub Foto: arqument.az
2 Avqust 2023
Mətni dəyiş

16:48 - yenilənib: DİN-in mətbuat xidmətindən "Amerikanın Səsi"nə bildirilib ki, Məmmədov məhkəmə tərəfindən müəyyən edilmiş borc öhdəliyindən yayındığı üçün 30 sutka həbs olunub.

Əhməd Məmmədli: “Mülki polis əməkdaşlarının bizi izlədiyini hiss edirdik”

İctimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovu polis əməkdaşlarının saxladığı bildirilir.

Abzas Media-ya bu barədə məlumatı "D18 - Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli verib.

Ə.Məmmədli deyir ki, Afiəddin Məmmədovun axşam saatlarında evinin yanında saxlanıldığını ehtimal edirlər:

“Dünən bizimlə birlikdə siyasi mühacir Pünhan Kərimlinin məhkəməsində idi. Biz orda mülki polis əməkdaşlarının bizi izlədiyini hiss edirdik. Sadəcə dedik ki, bəlkə də məhkəməni müşahidə edirlər. Sonra "Tarqovı"ya gəldik, görüşümüz var idi, onu keçirdik, söhbət etdik. Afiyəddin bəy dedi ki, yorğundur, evə gedir. "Sahil" metrosuna kimi ötürdük. Çox güman metrodan çıxanda evinin yanında tutublar. Keçən dəfə də evinin yanında tutmuşdular”.

Hərəkat sədri onu da deyir ki, Afiəddin Məmmədovun həbsi siyasi qərardır:

“Dünən kuryerlərin aksiyası olmuşdu, Afiəddin bəy aksiyadan xəbərdar olsa da, təşkilatçı deyildi. O, İşçi Masası Həmkarlar İttifaqının rəhbəridir, aksiyanı bəhanə edib tutublar.

Üstəlik, “Demokratiya 18” Hərəkatı qurultaya gedir, işçilərlə bağlı təşəbbüslərimiz mövcuddur. Bunların da təsiri var.

Afiəddin Məmmədov dünən Bakı Şəhər Baş Polis idarəsində dindirilib, bu gün çox güman məhkəməyə çıxarılacaq. Hərəkat olaraq bu həbsi siyasi qərar hesab edirik və pisləyirik”.

Məsələ ilə bağlı açıqlama almaq üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Ancaq nazirlik avqustun 2-də Məmmədovun yaxınlarına bildirib ki, o saxlanılıb və hazırda araşdırma aparılır.

Afiəddin Məmmədov bundan əvvəl də dəfələrlə inzibati qaydada həbs olunub. Sonuncu dəfə bu ilin fevralında həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbilə keçirilən aksiyada saxlanılıb və 30 sutka inzibati qaydada həbs cəzası alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun