Saxlanılanların hüquqi dəstəksiz qaldıqları ehtimal olunur
İyunun 20-də Gədəbəyin Söyüdlü kəndində keçirilən ekoloji etirazlardan sonra həbs edilənlərin Bakıya, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyi bildirilir.
Bu barədə məlumatı Abzas Media-ya Söyüdlü hadisələrilə bağlı yaradılmış İşçi Qrupun üzvü, hüquqşünas Səməd Rəhimli verib.
Hüquqşünas bildirib ki, aksiyadan sonra saxlanılanların bəziləri buraxılıb.
İşçi Qrupun məlumatına görə, Söyüdlüdə hazırda 11 nəfər saxlanılıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ittiham olunublar.
“Təəssüf ki, saxlanılanların ailələrinin mövqeyinə görə, hazırda heç kimə hüquqi yardım göstərə bilmirik. Ailələri hüquqi yardım məsələsində maraqlı deyillər. Biz müraciət edəndə telefonlarının dinlənildiyini deyirlər və danışmaq istəmirlər. Saxlanılanların Bakıya gətirilməsilə bağlı həm kənddən, həm də mediadan aldığımız məlumat var. Ancaq təəssüf ki, onlara çatımlılığımızın olmadığı üçün heç bir addım ata bilmirik” – deyə Səməd Rəhimli bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev saxlanılanlar və onların hüquqlarının pozulması ilə bağlı iddialara "məlumatım yoxdur" cavabını verib.
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, hələlik cəzalandırılan polis əməkdaşı yoxdur.
Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb.