Xanımı Dilarə Hacıyeva: "Yoldaşım günə zülmlə 10 manat pul qazanıb uşağına çörəkpulu gətirən adamdır. İndi mən uşağı kimin üstünə göndərim?"
Gədəbəy rayonunun Söyüdlü kəndində yenə saxlanılanlar var. Kənd sakini Dilarə Hacıyeva Abzas Media-ya deyir ki, yoldaşı Şöhrət Əsgərovdan iyunun 22-dən xəbər ala bilmir. O, yoldaşının uşağa dərman almaq üçün Gədəbəyə yollandığını və elə yolda polislərin onu saxladığını deyir.
"Aksiyada iştirak edib, camaat kimi o da orada olub. Yoldaşım uşağa dərman almaq üçün rayona gedib, polislər orada onu tutub saxlayıblar. Xəbər vermirlər. Gədəbəyin polis rəisi Mehman müəllimin yanına getmişəm, deyir, Bakıya göndərmişik. Deyirəm, Bakıda hara göndərmisən, yerini de, ora gedəcəm. Deyir ki, deyə bilmərəm, o ixtiyar bizdə yoxdur. Bəs yaxşı sən tutmusan, sən aparmısan, mən bilməli deyiləm ki, yoldaşım haradadır?!"
Dilarə Hacıyeva yoldaşından xəbər almaq üçün Bakı şəhər Baş Prokurorluğuna müraciət etdiyini, onların da onu Gədəbəy prokurorluğuna yönləndirdiyini deyir.
"Xəstə qayınanam var, ürəyi xəstədir. İki azyaşlı uşağım var. Uşağın birinin xəstəliyi var, xəstəxanaya aparıram. Yoldaşım günə zülmlə 10 manat pul qazanıb uşağına çörəkpulu gətirən adamdır. İndi mən uşağı kimin üstünə göndərim? Dövlətə versəm, dövlət də baxası deyil. Yoldaşım onun-bunun qapısında fəhləlik edib ailəsin dolandırırdı. Bu iki azyaşlı uşağı kimin yanına qoyub gedib işləyim? Bu uşağı nə ilə saxlayım? Mən iki azyaşlı uşaq, xəstə qayınanamla yollarda qalmışam, heç kim də heç nə demir. Ən azından mənə bir məlumat verməli deyillərmi? Məni yoldaşımla danışdırmalı deyillərmi ki, bilim haradadır?" - D. Hacıyeva deyir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov Abzas Media-ya bildirib ki, Söyüdlü hadisələri ilə bağlı araşdırma aparılır. O, həbs olunanlarla bağlı məlumatının olmadığını bildirib. Bunu dəqiqləşdirib daha sonra məlumat verəcəyini desə də, sonradan telefon zənglərimizə cavab verməyib.
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Etirazlarda 5 nəfər saxlanılaraq 20 sutka inzibati həbs cəzası alıb, bir nəfər 1500 manat cərimələnib. Aksiyadan sonra da həbs olunanların olduğu bildirilir. Daxili İşlər Nazirliyi kənddə neçə nəfərin həbs edildiyini açıqlamır.