Məhkəməyə gətirilən Qiyasın və anasının vəziyyəti pisləşib, təcili yardım çağırılıb

Məhkəməyə gətirilən Qiyasın və anasının vəziyyəti pisləşib, təcili yardım çağırılıb Fofo: sosial media
25 İyun 2023
Mətni dəyiş

Qiyasa çağırılan təcili yardım onun yanına buraxılsa da, anası üçün çağırılan həkim onun yanına buraxılmayıb

4 gündür quru aclıq aksiyası keçirən ictimai fəal Qiyas İbrahimov verdiyi apellyasiya şikayəti üçün məhkəməyə gətirilərkən yolda halı pisləşib, huşunu itirib. Bu barədə məhkəmədə olan feminist fəal Gülnara Mehdiyeva Abzas Media-ya məlumat verib. O bildirib ki, hadisədən xəbər tutan fəalın anası Şura Əmiraslanovanın da halı pisləşib.

"Şura xanım eşitdi ki, Qiyas huşunu itirib, halı pisləşdi. Biz onun qışqırığına çıxdıq. Bir təcili yardım Şura xanım üçün, digərin də Qiyas üçün çağırdıq. Daha sonra vəkil Qiyasın özünə gəldiyini bildirdi. Şura xanım buna inanmaq istəmirdi. Şura xanım məhkəmədə Qiyası görüb. O bildirdi ki, Qiyasın vəziyyəti çox pisdir, heç nə danışa bilməyiblər, özündə olmayıb. Qiyasa çağırdığımız həkimi onun yanına buraxıblar, amma Şura xala üçün çağırdığımız təcili yardımı onun yanına buraxmayıblar. Elə o halda da məhkəmədə qalıb".

Apellyasiya Məhkəməsi Qiyas İbrahimovun həbsindən verdiyi şikayətini təmin etməyib.

İctimai fəal iyunun 22-dən quru aclığa başlayıb.  O, Gədəbəy rayonunun Söyüdlü kəndində polis zorakılığına, qanunsuz həbsinə və İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində üzləşdiyi qeyri-insani rəftara etiraz olaraq müddətsiz aclıq aksiyası keçirdiyini bəyan edib.

Q.İbrahimov İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (...internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi,…) və 535-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə ittiham olunub. O, 32 gün müddətinə azadlıqdan məhrum edilib.

Q.İbrahimov keçmiş "Heykəl məhbusu" kimi tanınır. O, digər gənc fəal Bayram Məmmədovla birgə 2016-cı ildə narkotikdə ittiham edilərək 10 il həbs cəzası almışdı. Gənclər rəsmi ittihami qəbul etmirdilər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.

Fəallar 2019-cu ilin martında Prezident İ.Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar.

İki il əvvəl B.Məmmədovun Türkiyədə dənizdə boğulduğu açıqlanıb. Yaxınları bu ölümü şübhəli saysalar da, Türkiyə polisi onların şübhələrinə əsas görməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun