DİN Söyüdlüdə jurnalist fəaliyyətini qanunsuz hesab edir
Gədəbəyin Söyüdlü kəndində çəkiliş aparan Abzas Media-nın əməkdaşı Nərgiz Absalamova və Amerikanın səsi-nin jurnalisti Nigar Mübarizi polis əməkdaşları saxlayıb.
Bu barədə məlumatı Abzas Media-ya jurnalist Nərgiz Absalamova verib.
O bildirib ki, polislər onları zorakılıqla saxlayıb, hazırda Bakıya göndərmək istəyirlər:
“Polislər bizi saxlayanda çox pis davrandılar. Mənim qolumu burub, zorakılıq etdilər. Jurnalist Nigar Mübarizin ağzını tutdular, boğdular. İndi də zorla Gədəbəyin çıxışına gətiriblər, maşınla Bakıya yola salırlar”.
"Amerikanın Səsi” saytının əməkdaşı Nigar Mübariz deyir ki, biri mülki, ikisi polis nəfəri olmaqla üç nəfər ona yaxınlaşaraq telefonunu əlindən alıb.
“Mən israr etdim ki, telefonumu almamış getməyəcəm. Məni maşına mindirib aparırdılar. Bir mülki, iki formalı idi. Bildirdim ki, digər dövlət mediaları buradadır, bizə də icazə verilməlidir.Vəsiqəmə baxıb qaytardılar. Telefonumu isə vermirdilər. Dedim ki, həmkarlarım gəlmədən getməyəcəm. Dedilər ki, onda digər jurnalistlər də gəlsin, elə gedərsiniz. Bu zaman sakinlər gəldi. Camaat yalvar-yaxar etdi ki, bizi buraxsınlar. Həmin şəxs dedi ki, sən post paylaşırsan, burdan Amerikaya, erməniyə göndərirsən. Camaata dedi ki, sizi pis günə qoyan elə bunlardır. Mənimlə kobud davranan polis Nərgizin qolunu tutmuşdu. Dərhal səsimi qaldırdım ki, onu buraxsın. Bu zaman mənim üstümə gəldi ki, telefonunu ümumiyyətlə vermirəm. Aramızda mübahisə düşdü. Bu zaman həmin polis yenidən üzərimə gələndə, mülki geyimli şəxs ağzımı tutub zorla maşına mindirdi” – Nigar Mübariz deyir.
Jurnalist deyir ki, telefonunu ona təhvil verəndən sonra onları bir maşına mindirərək rayonunun çıxışına aparıblar.
Nigar Mübariz bildirir ki, polisin onlara qarşı zorakılığı ilə bağlı məhkəməyə şikayət edəcəklər.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev Abzas Media-ya deyib ki, kənddə post qurulub və sakinlərdən başqa heç kim buraxılmır: “İctimai asayişin, təhlükəsizliyin təmin olunması üçün kəndin giriş-çıxışında post qurulub. Orada sakinlərin problemlərinin həlli ilə bağlı müvafiq komissiya işləyir, ona görə əraziyə kənar şəxslər buraxılmır. Jurnalistlər ora niyə daxil olublar? Qanunsuz necə daxil olublar? Elan olunub ki, daxil olmayın. Biz təlimatla hərəkət edirik”.
Qanunla kəndə girişin qadağan olunması yalnız ərazidə fövqəladə vəziyyət elan olunması ilə bağlı Prezident Fərmanı ilə mümkündür. Bununla bağlı sualımıza E. Hacıyev cavab verməyib və telefonu söndürüb.
Qeyd edək ki, müstəqil media nümayəndələrinin kənddə çəkiliş aparmasına polis əngəl törətsə də, hökumət mediasının kənddə işləməsi üçün şərait yaradılıb.
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Etirazlarda 5 nəfər saxlanılaraq 20 sutka inzibati həbs cəzası alıb, bir nəfər 1500 manat cərimələnib.
Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb.