AŞPA-nın həmməruzəçiləri Bakıdan narazı qayıdıblar

AŞPA-nın həmməruzəçiləri Bakıdan narazı qayıdıblar
15 İyun 2023
Mətni dəyiş

Həmməruzəçilər: "Biz ifadə azadlığına qoyulan məhdudiyyətlərdən, "Media haqqında" yeni qanunun medianın, jurnalistlərin və bloqerlərin vəziyyətinə təsirindən narahatıq”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Yan Liddell-Qreyncer və Liz Kristoffersen Bakıya səfərlərinin nəticələrilə bağlı bəyanat yayıblar. 

Bu barədə məlumatı Turan İnformasiya Agentliyi yayıb. 

Həmməruzəçilər, iyunun 3-dən 7-nə kimi Bakıda hökumət və vətəndaş cəmiyyəti nümayəndələrilə bir sıra görüşlər keçiriblər. 

Bəyanatda ölkədə hələ də insan hüquq və azadlıqları ilə bağlı narahatlıq doğuran məsələlərin qaldığını qeyd ediblər:

"Biz ifadə azadlığına qoyulan məhdudiyyətlərdən, xüsusən də bir sıra qeydiyyat tələbləri qoyan "Media haqqında" yeni qanunun medianın, jurnalistlərin və blogerlərin vəziyyətinə təsirindən narahatıq. Medianın "ictimai nəzarətçi" rolunu yerinə yetirməyə davam edə bilməsi üçün hakimiyyəti gecikmədən Venesiya Komissiyasının rəyinə uyğun olaraq qanuna düzəliş etməyə çağırırıq" - bəyanatda vurğulanır.

Həmməruzəçilər bildiriblər ki, onlar hələ də davam edən birləşmə və toplaşma azadlığına qarşı məhdudiyyətlərdən, vətəndaş cəmiyyətinin olduqca məhdudlaşdırıcı mühitdə fəaliyyət göstərməsindən, siyasi motivli həbslərdən narahatdırlar. 

Onlar AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məsələsi ilə bağlı 2020-ci ildə qəbul etdiyi qətnaməsini, Avropa Məhkəməsinin insan hüquqları ilə bağlı Azərbaycan əleyhinə çıxartdığı qərarları xatırladaraq, məsələləri yaxından izlədiklərini bildiriblər,  hökumətə AİHM qərarlarını tam və təcili şəkildə icra etməklə bağlı yenidən çağırış ediblər.

Həmməruzəçilər "Siyasi partiyalar haqqında" yeni qanun barədə narahatlıq ifadə edib, hakimiyyəti Venesiya Komissiyasının və ATƏT/DTİHB-nun tövsiyələrinə uyğun olaraq seçki sistemində islahatlar aparmağa çağırıblar. 

Sənəddə hökumətə korrupsiya ilə mübarizə səylərinin artırılmasına, Məhkəmə Hüquq Şurası ilə bağlı islahatlarda tövsiyyələrin nəzərə alınmasına çağırış edilib. 

Həmməruzəçilər Qarabağ məsələsilə bağlı da qeydlər ediblər: “Hər iki tərəfi intensiv danışıqlara çağırırıq. Laçın dəhlizindəki vəziyyətə gəlincə, biz əvvəlki bəyanatlara, Avropa İnsan Hüquqları Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarına və Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarına uyğun olaraq hərəkət azadlığının təmin edilməsinin zəruriliyini vurğulayırıq. Biz, həmçinin Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin 2025-ci ilin noyabrından gec olmayaraq ərazidən çıxacağına ümid edirik"-həmməruzəçilər əlavə edib.

Məlumata görə, həmməruzəçilər siyasi motivlərlə həbs edildiyi iddia edilən bir neçə məhbusa baş çəkmək üçün müraciət etsə də, görüşə icazə verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun