Paşinyan: "Ermənistan iki Azərbaycan hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazırdır"

Paşinyan: "Ermənistan iki Azərbaycan hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazırdır" Foto: Reuters
22 May 2023
Mətni dəyiş

"Bu gün əsir düşən soydaşlarımızın 90 faizi Rusiya sülhməramlıların məsuliyyət zonasında saxlanılıb".

"Ermənistan əsir düşmüş iki azərbaycanlı hərbçinin ölkələrinə geri qaytarılmasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz"- Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bu sözləri deyib.

TASS agentliyi məlumat verir ki, baş nazir əsgərlərin yalnız hüquqi prosedurlar nəticəsində geri qaytarıla biləcəyini vurğulayıb.

Paşinyan bildirib ki, bölgədə hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Baş nazir Azərbaycanla sülh və münasibətlərin qurulmasına dair saziş üzrə intensiv danışıqlar aparılacağına ümid etdiyini söyləyib.

"Ermənistan Azərbaycanın 86 600 kv.km ərazi bütövlüyünü tanımağa hazırdır və fikrimizcə, Azərbaycan da Ermənistanın 29.800 kv. km. ərazi bütövlüyünü tanımağa hazırdır. 86600 kv. km-ə Dağlıq Qarabağ da daxildir

İkincisi, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Xankəndi-Bakı dialoqu vasitəsilə müzakirə edilməlidir. Biz bu danışıqlar üçün beynəlxalq təminatların yaradılmasını vacib hesab edirik. Demək istəyirik ki, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsi unudula bilər və Azərbaycan bundan sonra da güc tətbiq etməklə Dağlıq Qarabağ ermənilərinə qarşı etnik təmizləməni davam etdirəcək. Biz bu siyasətin davam etməyəcəyinə dair təminatların olmasını vacib hesab edirik”, - Paşinyan bildirib.

Ermənistanın baş naziri əmin edib ki, Ermənistan Qərbdən Rusiya ilə münasibətləri kəsmək və ya Rusiyanı öz ərazilərindən sıxışdırmaqla bağlı heç bir siqnal almayıb.

O, Laçın dəhlizi ilə bağlı vəziyyətə toxunaraq xatırladıb ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın dəhlizinin nəzarətdə saxlanılması Rusiyanın üzərinə düşür. Baş nazir bildirib ki, Azərbaycanın keçid məntəqəsi yaratması bu öhdəliyin pozulmasıdır.

Paşinyan Qərbin hadisələrə təsiri ilə bağlı bunları deyib:

“Sülhməramlının iştirakı ilə kənd təsərrüfatı işlərini yerinə yetirən traktor sürücüsünün ölümü ilə bağlı hadisə olub. Hesab edirik ki, Rusiyanın buna reaksiyası yanlış olub. Üstəlik, bildiyimə görə, bu adamı bu işə razı salan sülhməramlılar olub. Deyiblər, narahat olmağa heç nə yoxdur, biz buradayıq, təhlükəsizliyinizi təmin edəcəyik, amma yarım saat sonra bu adam öldürülüb. Qərbin bununla nə əlaqəsi var? Bu gün əsir düşən soydaşlarımızın 90 faizi Rusiya sülhməramlı qüvvələrinin bölgəyə daxil olmasından sonra və sülhməramlıların məsuliyyət zonasında saxlanılıb. Qərbin bununla nə əlaqəsi var? - Paşinyan deyib.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə görüşündə bildirib ki, Ermənistanla sülh anlaşmasının imzalanması qaçılmazdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun