"Əliyev və Paşinyan məhbusları, girovları sərbəst buraxmaq barədə razılığa gəliblər"

"Əliyev və Paşinyan məhbusları, girovları sərbəst buraxmaq barədə razılığa gəliblər"
15 May 2023
Mətni dəyiş

Ş.Mişel neçə nəfərin vətənə qayıdacağını dəqiqləşdirməyib, lakin onun fikrincə, bu razılaşma itib sərhədi keçən əsgərlərə də şamil edilməlidir

Dünən Brüsseldə İlham Əliyev, Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında dörd saatdan çox davam edən danışıqlardan sonra onlar bəzi məsələlərdə razılığa gəldiklərini açıqlayıblar. 

Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını deyən Şarl Mişel eyni zamanda qeyd edib ki, tərəflər “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələləri ilə bağlı” fikir mübadiləsi aparıblar.

"Azadlıq Radiosu"nun Ermənistan xidməti yazır ki, Avropa Şurasının rəhbəri Azərbaycanı birbaşa Qarabağ xalqı ilə danışmağa çağırıb.

“Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq şəraitində əhalinin hüquq və təhlükəsizliyinə zəmanət vermək üçün müsbət gündəliyin hazırlanmasına qoşulmağa çağırdım. Mən Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoqun zəruriliyindən də danışdım. Qarşılıqlı məqbul həllərin əldə edilməsi üçün düşmənçilik ritorikasından çəkinməyi, vicdanla hərəkət etməyi və liderlik nümayiş etdirməyi vacib hesab edirəm”, - Şarl Mişel bildirib.

Mişel qeyd edib ki, tərəflər kommunikasiya və iqtisadi əlaqələrin blokunun açılması məsələsində aydın irəliləyiş əldə ediblər.

Avropa Şurasının rəhbəri təfərrüatları dəqiqləşdirmədən bildirib ki, “hazırda mövqelər çox yaxındır, xüsusən də Naxçıvandan keçən dəmir yolu əlaqəsinin bərpası məsələsində”.

“İndi liderlər öz komandalarına dəmir yolu əlaqəsinin açılması şərtləri və konkret qrafiklə lazımi tikinti işlərinin aparılması ilə bağlı razılaşmanı yekunlaşdırmağı tapşırıblar”, - deyən Mişel, tərəflərin Ümumdünya Gömrük Təşkilatının dəstəyini almağa razılaşdıqlarını vurğulayıb.

Mişel Azərbaycan prezidentinin “Zəngəzur dəhlizi” ideyasından imtina edib-etmədiyini dəqiqləşdirməyib.

Mişelin sözlərinə görə, sərhədin delimitasiyası və demarkasiyası mövzusunda da irəliləyiş əldə edilib.

Əliyev və Paşinyan sərhəd komissiyalarının işini bərpa etmək, həmçinin sərhədin yekun delimitasiyasının danışıqlar yolu ilə həyata keçirilməsi barədə razılığa gəliblər.

Bundan əlavə, Şarl Mişelin sözlərinə görə, tərəflər məhbuslar və girovlar məsələsini də müzakirə ediblər. Saxlanılanların yaxın həftələrdə sərbəst buraxılacağı bildirilib. Ş.Mişel neçə nəfərin vətənə qayıdacağını dəqiqləşdirməyib, lakin onun fikrincə, bu razılaşma itib sərhədi keçən əsgərlərə də şamil edilməlidir.

Bir neçə həftə əvvəl Ermənistan tərəfdə iki Azərbaycan əsgəri – Aqşin Bəbirov və Hüseyn Axundov saxlanılıb. Ermənistan məhkəməsi Aqşin Bəbirovu “sərhədi qanunsuz keçmək, silah və sursat daşımaqda” ittiham edərək 11 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Digər azərbaycanlı əsgər Hüseyn Axundovun cinayət işi üzrə istintaq davam edir. O, qətldə ittiham olunur. 

Azərbaycan Xarici İşlər Nazirliyi də Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında keçirilmiş görüşü “faydalı və nəticəyönlü” hesab edib.
“Müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir”, - Azərbaycan XİN-dən bildirilib.

Rəsmi məlumatlara görə, dünənki danışıqlarda heç bir sənəd imzalanmasa da, Əliyev və Paşinyan danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Avropa rəsmisinin sözlərinə görə, iki ölkə liderləri iyulda Brüsseldə yenidən görüşəcəklər və bundan əvvəl iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin 2-ci Sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla bir araya gələcəklər. Bundan əlavə, Avropa Şurasının prezidenti Əliyevlə Paşinyanı oktyabrda başqa görüşə dəvət etmək niyyətindədir

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun