İş adamı həbsxanadan İlham Əliyevə müraciət göndərib

İş adamı həbsxanadan İlham Əliyevə müraciət göndərib
24 May 2023
Mətni dəyiş

O, qanunsuzluqdan şikayət etdiyi üçün həbs edildiyini deyir

Hazırda həbsdə olan keçmiş iş adamı Rəşid Məmmədov şərlənərək həbs olunduğunu bildirir. O, bununla bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. 

R.Məmmədov prezidentə ünvanladığı açıq müraciətində deyir ki, o, icarə ilə ona məxsus olan, Qubanın Zərdabi qəsəbəsində yerləşən torpaq sahəsində alma istehsalı və Rusiya bazarlarına idxalı ilə məşğul olub. 2022-ci ildən etibarən isə ona məxsus torpaq sahələrinin başqa-başqa şəxslərin adlarına rəsmiləşdirildiyini bilib.

“Bu şəxslər “Foodcity Agropark” MMC-nin təmsilçisi Şahin Əsgərovun adamlarıdır. Onlar bunu ona görə ediblər ki, ixrac edilən almanı öz məhsulları kimi göstərib, vergidən azad olsunlar. Mən torpaqlarıma dair qanunsuz icarə müqaviləsi bağlanılmasına görə Quba Rayon Zərdabi Bələdiyyəsinə müraciət etdim və həmin müqavilələrin ləğv edilməsini tələb etdim. Lakin, bələdiyyə bildirdi ki, həmin şəxslər özləri gəlib müqaviləni ləğv etməlidirlər. Mən məcbur olub həmin şəxslərlə görüşdüm. Mənim yerimə saxta müqavilə bağlayan Rza və Natiq mənə bildirdilər ki, onların rəhbəri Şahin Əsgərovdur və o,  “Foodcity Agropark” MMC -nin təmsilçisidir. Dedilər ki, ağıllı olum, yoxsa həmin adam məni yox edər. Mən bununla bağlı rayon polisinə, prokurorluğa müraciət etdim, onlar da bildirdilər ki, “Foodcity Agropark” MMC-nin təmsilçisinə bata bilməzlər, mən yuxarıdan adam tapmalıyam”.

Məmmədov deyir ki, ona kömək istəməsi üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Əfqan adlı əməkdaşının nömrəsini veriblər. Zəng edib dərdini deyəndən sonra isə Əfqan onu görüşmək üçün Bakıya, Nərimanov parkına dəvət edib.

“Yanvarın 12-si görüş yerinə gəlib, ona zəng etdim. Ətrafdan dörd-beş nəfər hücum edib, məni yerə yıxdılar. Qolumu arxadan bağlayıb, döyə-döyə BMCMİ-nə gətirdilər.  Orada Şahin Əsgərova ilişdiyimi deyib, irad bildirilər. Döyməyə başladılar. Əllərim, ayaqlarım, başım, gözüm, bütün bədənim qan içində idi. Onlar Şahin Əsgərova görüntülü zəng etdilər, ona məni göstərib “Sənin xətrinə dəyən belə olmalıdır” dedilər. Daha sonra məni rəis kimi təqdim edilən Müzəffər Həsənovun yanına apardılar, o da dedi ki, narkotik vasitənin mənə məxsus olmasını etiraf edim, mən bunu etmədim. Daha da şiddətlə döyməyə başladılar, ancaq yenə dediklərin etmədim. Bundan sonra, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) 535-ci (Polis əməkdaşının qanuni əmrinə tabe olmama) maddələrilə protokol tərtib edib Nərimanov məhkəməsinə göndərdilər. Qanın içində idim. Orada hakim Gültəkin Əsədovaya işgəncə izlərimi göstərsəm də, hakim barəmdə 15 sutka inzibati həbs qərarı verdi. Guya küçədə ünvansız söyüş söyüb, polisin əmrinə tabe olmamışam”.

Rəşid Məmmədov deyir ki, məhkəmədə halı pisləşdiyi üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparılıb. Vəkilinə də təzyiq ediblər ki, həbsdən apellyasiya şikayəti verməsin.

Onun sözlərinə görə, 15 sutkalıq həbs müddəti bitdikdən sonra da BMCMİ ondan əl çəkməyib:

“15 sutkam tamam olanda məni buraxmadılar və oradan BMCMİ-yə gətirdilər. Orada rəsmiləşdirdilər ki, guya mən, Şahin Əsgərovun 7 adamından hədə-qorxu ilə pul tələb etmişəm, halbuki onların ifadələrindən başqa da işdə heç bir sübut yoxdur. Artıq 6 aya yaxındır ki, Şahin Əsgərov adlı şəxsin sifarişi ilə həbsdəyəm"- məktubda yazılıb. 

Rəşid Məmmədov deyir ki, işgəncəyə məruz qalması ilə bağlı anası Gülər Məmmədova prokurorluğa müraciət etsə də, cinayət işi başlatmaqdan imtina olunub: “1 aprel 2023-cü tarixli, 344 saylı ekspertiza rəyi ilə müəyyən olundu ki, bədənimdə xəsarət izləri olub və bu izlərin yaranması dövrü həbs olunduğum dövrü əhatə edir,  ancaq yenə Nərimanov Prokurorluğu cinayət işinin başlanmasını rədd etdi".

Rəşid Məmmədov məktubunun sonunda prezidentdən xahiş edib ki, ona qarşı ədalətsizliyə son qoyulmasına göstəriş versin.

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib.

“Foodcity Agropark” MMC ilə əlaqə saxlamaq mümkün olmayıb.

Rəşid Məmmədov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) ittiham olunur.

Yanvarın 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu müddətin 3 ay artırılması üçün BMCMİ Nərimanov rayon Məhkəməsinə müraciət edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun