Gecə Kiyevə kütləvi raket hücumu olub

Gecə Kiyevə kütləvi raket hücumu olub Foto: Reuters
16 May 2023
Mətni dəyiş

Ukraynaya hücum nəticəsində 3 nəfər yaralanıb 

Mayın 16-na keçən gecə Kiyevdə hava həyəcanı elan edilib, hava hücumundan müdafiə sistemləri işə düşüb. Bu barədə “Meduza” şəhər hərbi administrasiyasına istinadən məlumat yayıb. 

“Ukrayna paytaxtının bir sıra rayonlarında - Solomenski, Şevçenkovski, Darnitski və Obolonskidə partlayışlar olub və raket parçaları düşüb” -  şəhərin meri Vitali Kliçko bildirib. Onun sözlərinə görə, ilkin məlumata əsasən, partlayışlar nəticəsində Solomenski rayonunda 3 nəfər xəsarət alıb, binaya ziyan dəyib, bir neçə avtomobil yanıb.

Şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, Rusiya ordusu Ukrayna paytaxtına həm pilotsuz uçuş aparatları, həm də raketlərlə hücum edib. “Bu hücum intensivliyinə görə müstəsna idi”, - deyə Popko Kiyevə hücum edən raketlərin və pilotsuz təyyarələrin əksəriyyətinin vurulduğunu qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı bildirib ki, mayın 16-na keçən gecə hava hücumundan müdafiə tədbirləri nəticəsində Ukrayna ərazisinə buraxılan bütün Rusiya pilotsuz təyyarələri və raketləri vurulub. Onların arasında 6 ədəd “Şahed-136/131” zərbə pilotsuz uçan aparatı, “Orlan-10” və “Supercam” tipli üç kəşfiyyat təyyarəsi, həmçinin altı “Kinjal”, doqquz “Kalibr” raketi və üç “İskəndər” və S-400 sistemli raketlər var.

Rusiya tərəfinin nümayəndələri hücumla bağlı açıqlama verməyiblər.

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu ötən ilin fevralın 24-də başlayıb. İşğal Rusiyanın Donets və Luqanskı respublika kimi tanımasından sonra start götürüb.

Bir ildən çoxdur davam edən müharibə hər iki tərəf üçün ağır nəticələrə yol açıb. 

BMT-nin insan haqları agentliyi 2022-ci ildə işğalın başlanmasından bu günə qədər Ukraynada 23 375 itki, o cümlədən 8 709 mülki vətəndaşın öldüyünü təsdiqləyib. 

Ağ Evin açıqladığı hesablamalara görə, dekabr ayından bəri Rusiya Ukraynada 100 minə yaxın itki verib.

Müharibə başlayandan bəri Ukraynanı 8,2 milyondan çox insan tərk edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun