Ermənistan parlamentinin sədri Alen Simonyan: “Əsir götürülən Azərbaycan əsgəri mülki vətəndaşı öldürməkdə şübhəli bilinir”

Ermənistan parlamentinin sədri Alen Simonyan: “Əsir götürülən Azərbaycan əsgəri mülki vətəndaşı öldürməkdə şübhəli bilinir”
17 Aprel 2023
Mətni dəyiş

İddia olunur ki, öldürülən mühafizəçinin telefonu azərbaycanlı əsgərin üzərində tapılıb


Ötən həftə Naxçıvanda itkin düşən və sonradan Ermənistanda saxlanılan  iki azərbaycanlı əsgərdən biri qətldə şübhəli bilinir. 

Aprelin 13-də Ermənistanda saxlanılan Hüseyn Axundovun çərşənbə günü Sünikdəki Kacaran mis-molibden mədənində 56 yaşlı mühafizəçinin qətlində əli olması ilə bağlı şayiələr o, saxlanıldıqdan az sonra internetdə yayılmağa başlayıb.

Əsgərin əsir düşdüyü kəndin sakinləri və Kacaran icmasının rəhbəri Manvel Paramazyan “Azadlıq” radiosuna bildirib ki, öldürülən mühafizəçinin telefonu azərbaycanlı əsgərin üzərində tapılıb.

Paramazyanın sözlərinə görə, mühafizəçi yeddi güllə yarası alıb.

Hər iki azərbaycanlı əsgər Sünik rayonunun Kapan polis şöbəsindədir.

Ermənistan hüquq-mühafizə orqanları qətlin araşdırıldığını və hadisədə azərbaycanlı hərbçinin iştirakını irəli sürmək üçün hələlik məlumatlara malik olmadıqlarını bildiriblər. Amma Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə sərhədini keçən Azərbaycan hərbçilərindən birinin mülki vətəndaşı öldürməkdə şübhəli bilindiyini deyib.

Azərbaycanlı həmkarının Ermənistan tərəfinin ünvanına səsləndirdiyi ittihamlara da cavab verən Alen Simonyan “Əgər Azərbaycan sülh istəyirsə, bəs niyə indiyədək 33 erməni hərbi əsir geri qaytarılmayıb?” sualını verib.

“Laçın dəhlizi niyə bağlıdır? Biz qoşunların sərhəddən çıxarılmasını təklif edirik. Əgər Azərbaycan müharibədə qalib gəlibsə və Qarabağ məsələsi bağlanıbsa, o zaman Ermənistan və Azərbaycan hərbçiləri niyə ölür?”- deyə Ermənistan Parlamentinin sədri bildirib

Sosial şəbəkələrdə yayılan videoda əsgər Hüseyn Axundovun yerdə uzandığı, bağlandığı və üzünə təpiklə vurulduğu görünür. Əsgərin saxlanıldığı zaman çəkilən fotolarda da onun üzündə qan və qançırlar var.

Bundan əvvəl Azərbaycanın digər hərbçisi, 2004-cü il təvəllüdlü Aqşin Bəbirov Ermənistanda saxlanılıb. Yayılan videoda onun yaralandığı və əlinin, ayağının sarğı ilə bağlandığı görünür. 

Əsgərlərlə zorakı rəftarı əks etdirən videogörüntülər Yerevanda və Bakıda müzakirələrə səbəb olub.

Bakıdakı diplomatik nümayəndəliklər hadisəni dərhal pisləyiblər.

ABŞ-ın Bakıdakı səfirliyi "Ermənistanda Azərbaycan əsgərinə qarşı zorakılığı əks etdirən videodan narahat olduğunu" bildirib və hər iki ölkəni həll edilməmiş məsələləri dinc, danışıqlar yolu ilə həll etməyə çağırıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old əlavə edib ki, “beynəlxalq humanitar hüquq çərçivəsində belə rəftar qəbuledilməzdir və pislənilməlidir”.

Bir sıra erməni vətəndaş cəmiyyəti fəalları da əsgərlə pis rəftarı qınayıblar.

Zorakılığı pisləyən bəzi ermənilər iddia edirdilər ki, Azərbaycan hərbçilərinə qarşı bu cür rəftarın qadağan edilməsi Ermənistana erməni hərbi əsirlərə qarşı humanist rəftar tələb etməyə imkan verəcək.

2020-ci ilin noyabrında İkinci Dağlıq Qarabağ Müharibəsi başa çatdıqdan sonra Qarabağda əsir götürülmüş, təsdiqlənməmiş sayda erməni əsgəri Bakıda saxlanılır. Azərbaycan azı 30 nəfərin əsir götürüldüyünü etiraf edib, lakin dəqiq sayı və ya neçəsinin hələ də sağ olduğunu təsdiqləməyib.

Cümə axşamı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsgərlərin azad edilməsinin təmin edilməsi xahişi ilə beynəlxalq təşkilatlara müraciət edib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) həmin görüntüləri Ermənistan tərəfindən etnik zorakılıq nümunəsi adlandırıb və müvafiq beynəlxalq təşkilatları “Ermənistanın azərbaycanlı hərbi və mülki əsirlərə, son 30 ildə itkin düşən 3890 azərbaycanlıya qarşı törətdiyi zorakılıq da daxil olmaqla” cinayətləri araşdırmağa və qiymətləndirməyə çağırıb.

Azərbaycan Müdafiə Nazirliyi 10 apreldə məlumat yayaraq bildirib ki, Naxçıvanın Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən iki hərbi qulluqçu istiqaməti itirərək azıb.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun