Baş həkim: "Uşaq bizdə yatmamalıdır, Uşaq Evi də onu qəbul eləmir"

Baş həkim: "Uşaq bizdə yatmamalıdır, Uşaq Evi də onu qəbul eləmir"
4 Aprel 2023
Mətni dəyiş

"Uşaq Evinin müdiriyyəti istəyir uşaq desin ki, mən yanlış demişəm, o zaman uşağı qəbul edəcəklər"

3 saylı Uşaq Evinə verilən ərzaq məhsullarının mənimsənilməsi ilə bağlı danışan 17 yaşlı yeniyetmə  martın 30-da 1 Saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Buna səbəb kimi uşaqda davranış pozuntularının olduğu bildirilib.

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov sitat.az-a açıqlamasında bildirib ki, yeniyetmə ruhi xəstə deyil.

Onun sözlərinə görə, hazırda uşağa sahib çıxan yoxdur və bu səbəbdən psixiatriya xəstəxanasında qalır:

“Onda müəyyən psixoloji pozuntular var, amma çox cüzidir. O pozuntulardan Bakının yarısında var. Əhalinin yarısı gəlib bizim xəstəxanada yatmalıdır? Bunun problemi çox yüngüldür, bu bizdə yatmamalıdır. Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox".

Baş həkim bildirib ki, yeniyetmənin qardaşı da onu sahiblənmək istəmir: “Qardaşı da deyir ki, aparmıram, hələ 5-10 gün də müalicə edin, əsəbidir, sözümə baxmır. Sözünə baxmırsa, danış başa sal, biz nə edək onun üçün... Qardaşı da ora-bura zəng etdi ki, "həkim mənə təzyiq edir qardaşını apar, amma evimdə şərait yoxdur". Belə bir vəziyyətdir".

3 Saylı Uşaq Evinin müdirəsi Məhbubə Hüseynova isə iddiaları rədd edib.

O, Abzas Media-ya bildirib ki, uşaqdan təkzib istəyi olmayıb:

“Mən elə söz deməmişəm. O, uşaqdır, nə edib ki, məndən üzr istəsin? Öz başlarından şişirtməsinlər. Elə söhbət olmayıb. Mən heç o həkimin üzün də görməmişəm, tanımıram. Uşaq bura gəlmişdi, ancaq sənədləri yerində deyildi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gəlib apardı ki, sənədlərini düzəldib, sığınacağa göndərsinlər. Yəni, qaytarılacaq geri, o uşaq ortada qalmayacaq. O uşaqdır, mən kiməm onunla prinsip aparım, mənim nə ixtiyarım var?”.

3 saylı Uşaq Evində yaşayan M.H. buradakı problemlərlə bağlı videoaçıqlama yayıb. O bildirib ki, Uşaq Evində normalara uyğun qidalanmırlar, gələn ərzağın əsas hissəsi onlara verilmir. Uşaq Evinin rəhbəri Məhbubə Hüseynova isə iddiaları rədd edib. Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evi ilə bağlı bundan əvvəl də mətbuatda problemlər səsləndirilib. 2021-ci ildə Uşaq Evində ərzaq, yataq dəstləri ilə bağlı təminatın bərbad vəziyyətdə olmasına dair görüntülər yayılıb. Bundan sonra rəsmi qurumlar Uşaq Evində yoxlamalar aparıb və pozuntu hallarına görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya töhmət verilib.

Bundan sonra 2022-ci ildə 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva görüntülər yayaraq bildirib ki, Məhbubə Hüseynova Qurban bayramı ilə əlaqədar Uşaq Evinə gətirilən qurbanlıq ət və heyvanları sürücüsü vasitəsilə satıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun