Təhsil şirkətinin tələbəni təhdid etdiyi iddia olunur

Təhsil şirkətinin tələbəni təhdid etdiyi iddia olunur
13 Mart 2023
Mətni dəyiş

Şirkətdən cavab verməyə vaxt olmadığını bildiriblər

Tələbə Xanım Camalova 2022-ci il 18 iyulda xaricdə təhsillə bağlı sənədləşmə işlərinin görülməsi üçün “Pilgrim Education” (Career Guide MMC) şirkəti ilə xidməti müqavilə imzalayıb. Müqaviləyə əsasən, şirkətin birinci vəzifəsi Camalovanın sənədlərini toplayıb, Macarıstan təqaüdünə müraciət etmək olub.

Tələbənin hüquqlarının müdafiəsi işini həyata keçirən Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun həmtəsisçisi Fərid Rüstəmzadə Abzas Media-ya deyir ki, sonradan işlər müqaviləyə uyğun getməyib, şirkət isə buna görə Təhsil Nazirliyini günahlandırıb. Bildirib ki, nazirliyin elektron sistemi işləmir. Ancaq nazirlik bunu təkzib edib və sonradan məlumat olub ki, əsas məsuliyyət şirkətdədir.

“Daha sonra oradan əlaqə saxladılar və bildirdilər ki, məsələ həll olunacaq, xanımın ödənişi geri qaytarılacaq, heç bir narahatlıq yoxdur. Xanım səhər şirkətə gedib, şirkətdə bir üzr məktubu veriblər ki, bunu paylaş, ödəniş qaytarılacaq. İki saat təzyiq ediblər ki, paylaşsın və məhkəməyə verməklə hədələyiblər. O isə bundan imtina edib” – deyə  Fərid Rüstəmzadə bildirib.

Rüstəmzadə deyir ki, özünü şirkətin rəhbəri kimi təqdim edən Aişə Aslanova və digər əməkdaşlar tələbəni təhdid edib, qorxudublar.

“Pilgrim Education” şirkətinin nümayəndəsi Elmin İbadov Abzas Media-ya bildirib ki, hazırda şirkətdə işlər çoxdur və cavab verə bilmirlər:

"Məhkəməyə müraciət olunub və işin gedişilə bağlı açıqlama veriləcək"- E.İbadov bildirib.

Şirkətin martın 11-də yaydığı ümumi açıqlamada isə iddialar təkzib edilib və məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun