"Sizi bütün bu baş verən iyrəncliklərə “dur” deməyə səsləyirəm"

"Sizi bütün bu baş verən iyrəncliklərə “dur” deməyə səsləyirəm" aktrisa Tunay Əliyeva
2 Mart 2023
Mətni dəyiş

Bəxtiyar Hacıyevlə məlumatlarının yayılmasına görə, aktrisa birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktub yazıb 

Bir müddətdir ABŞ-da yaşayan azərbaycanlı aktrisa Tunay Əliyeva birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktub yazıb. 

O, son günlər həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin şəxsi yazışmalarının sosial mediada paylaşılması və ona aid məlumatların da ictimailəşdirilməsindən sonra bu müraciəti etməyə qərar verdiyini deyib.  T. Əliyeva sosial media hesabından yaydığı məktubda yazıb: 

"Məlumunuzdur ki, ictimai fəal Bəxtiyar Hacıyev öz hüquqlarını müdafiə naminə artıq 50 gündən artıq idi ki, aclıq aksiyası keçirirdi. Bu, onun öz seçimidir. Lakin onu ifşa etdiyini düşünən (deyilənə görə, Azərbaycanın bəzi səlahiyyətli şəxsləri də bura daxildir) müəyən bir qrup neçə gündür ki, mənim də adımın, illər öncə ictimai yerdə çəkilmiş video və fotomun yer aldığı materialları yayırlar. Telegram şəbəkəsində kanallar yaradaraq onlarla Azərbaycan qız-qadınını təhqir edir, aidiyyəti olub-olmadığı bəlli olmadan onların bilgilərini paylaşırlar. Bu mənəvi terror hələ də davam edir. Bəxtiyarın telefonundakı, noutbukunda uzun illərdən bəri tanış, dost, sevgili olduğu qadınlara məxsus şəkillər ictimailəşdirilir. İnsanlar təhqir olunur, hədəf göstərilir".

Tunay Əliyeva müraciətinin davamında qeyd edib ki,  bu “ifşa” prosesini həyata keçirənlər Azərbaycan kimi mühafizəkar cəmiyyətdə bu qadınların sonrakı həyatını, hazırki ailə durumunu, psixoloji vəziyyətini, ictimaiyyətin onlara olacaq münasibətini düşünmürlər. 

"Bu, kibercinayətdir, insanların şəxsi həyatına müdaxilədir. Bundan başqa ölkə vətəndaşlarının həyatını siyasi məqsəd naminə böyük bir təhlükəyə atmaqdır. 

Hörmətli Mehriban xanım! Biz Azərbaycan qadınlarını bu faciədən ancaq sizin aidiyyəti qurumlara göstərişiniz xilas edə bilər. Bizə qarşı bu terroru edənlər üçün heç bir mənəvi dəyər, qırmızı cizgi yoxdur. Sizi bütün bu baş verən iyrəncliklərə “dur” deməyə səsləyirəm. Siz də anasınız və belə məqamlarda bir qadının, qızın başına nə gələcəyini bilməmiş deyilsiniz. Lütfən bu biabırçılığın sonlandırılması üçün göstəriş verin" - müraciətdə deyilib.

Martın 1-də Daxili İşlər Nazirliyi ictimai fəal Bəxtiyar Hacıyevin şəxsi məlumatlarının yayılması ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, Hacıyev saxlanılan zaman onun üzərində heç bir elektron cihaz olmayıb.

DİN Bəxtiyar Hacıyevin şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları təkzib edib.

DİN açıqlayıb ki, "Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub. Həmin müraciətlər üzrə araşdırmalar aparılır".

Bəxtiyar Hacıyevin vəkili Elçin Sadıqov bildirib ki, müvəkkili özü bu hadisədə zərərçəkmişdir.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da saxlanılıb. Ona ilk olaraq Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələrilə ittiham irəli sürülüb. Fevralın 23-də Xətai Rayon Məhkəməsində keçirilən iclasda Hacıyevin həbs müddəti daha 2 ay uzadılıb. 

Hacıyev həbsinin qanunsuz olduğunu bildirərək 51 gün aclıq aksiyası keçirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun