Millət vəkili: “Ömrü verən Allahdır, xüsusi bir mühafizəyə ehtiyacı yoxdur”

Millət vəkili: “Ömrü verən Allahdır, xüsusi bir mühafizəyə ehtiyacı yoxdur” Foto: qafqazinfo.az
29 Mart 2023
Mətni dəyiş

Deputatlar həmkarlarına qarşı olan silahlı hücumdan sonra xüsusi mühafizəyə ehtiyac duyurlar?

Millət vəkili Fazil Mustafanın dünən evinin önündə güllələnməsindən sonra millət vəkillərinin təhlükəsizliyilə bağlı məsələlər gündəmə gəlib.

“Milli Məclisin deputatının statusu haqqında” qanuna əsasən, millət vəkilinin təhlükəsizliyini təmin etmək məqsədilə silah saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ var.

Ancaq deputat Fəzail Ağamalı 2020-ci ildə report.az saytına müsahibəsində deyib ki, deputatların hər birinə silah paylanılıb, ancaq sonradan verilən silahlar DİN vasitəsilə deputatlardan geri alınıb.

Bəs görəsən, son hadisədən sonra millət vəkilləri mühafizə olunmağa ehtiyac duyurlarmı?

Parlamentin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev deyir ki, millət vəkilləri vətəndaşlardan fərqləndirilməməlidirlər.

Onun sözlərinə görə, dövlət hər bir vətəndaşın təhlükəsizliyinə zəmanət verir və onu təmin edir.
“Biz xalqın arasında oluruq, seçicilərlə görüşürük, tədbirlərə gedirik. Belə çıxır ki, biz ancaq özümüzü qorumalıyıq? Yox, məncə, belə tədbirlərə ehtiyac yoxdur. Hər bir vətəndaşın əgər təhlükəsizliyi təmin olunursa, biz də o vətəndaşlardan biriyik”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Əziz Ələkbərli də düşünür ki, hüquq-mühafizə orqanları işlərinin öhdəsindən gəlirlər:
“Azərbaycanda xüsusi xidmət orqanları yerindədir, vətəndaşların da, ayrı-ayrı vəzifəli şəxslərin də təhlükəsizliyi qorunur. Əgər zərurət olarsa, millət vəkillərinin təhlükəsizliyinin qorunması üçün lazımi addımlar atıla bilər”.

Parlamentin Elm və Təhsil Komitəsinin üzvü, deputat Anar İsgəndərov da deyir ki, xüsusi mühafizə olunmağa ehtiyac görmür:
"Ömrü verən Allahdır, xüsusi bir mühafizəyə ehtiyacı yoxdur. Fazil müəllimə qarşı olan terrordur, terrorun vətəni olmur. Hər bir ölkədə pislənilməlidir”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas da mühafizəyə ehtiyac olmadığını deyir.

Amma düşünür ki, tanınmış şəxslərə, məmurlara qarşı sui-qəsd cəhdləri ola bilər:

“Mən özümü təhlükədə hiss eləmirəm. Ancaq necə ki, Fazil bəyə qarşı elədilər, hər an dövləti qarışdırmaq üçün tanınmış şəxslərə, məmurlara qarşı sui-qəsd edə bilərlər. O, ən üzdə olan deputatlardan biridir. Bu, dövlətə atılan güllədir. Son 3 silahlı insidentin biri soyğunçuluqdur, biri kriminal mübahisədir, bu isə terrordur. Bununla ölkədə aranı qatmaq istəyirlər, ancaq gücləri çatmaz”.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov deyir ki, bu məsələlərlə bağlı qorxmağa dəyməz:
“Xüsusilə Dövlət Təhlükəsizliyi Xidməti olmaqla bizim hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində bilmədiyimiz nə qədər belə hadisələrin qarşısı alınır. Çox peşəkardılar, sadəcə düşmən an axtarır”.

Martın 28-də Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa evinin önündə güllələnib. Rəsmi məlumata görə, ona “Kalaşnikov” avtomat silahından atəş açılıb. Nəticədə deputat sağ çiyinindən və  sağ ayağından güllə yarası alıb. O, iki dəfə əməliyyat olunub.

Hadisə ilə bağlı DTX-da Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun