"Freedom House": Azərbaycanda azadlıqlarla bağlı vəziyyət pisin pisidir

"Freedom House": Azərbaycanda azadlıqlarla bağlı vəziyyət pisin pisidir
9 Mart 2023
Mətni dəyiş

Azərbaycan "azad olmayan" ölkələr siyasında yer alıb 


“Freedom House” beynəlxalq insan haqları təşkilatı martın 9-da dünyada azadlıqların vəziyyəti ilə bağlı  illik hesabatını yayımlayıb.
 
Hesabatda qeyd edilir ki, dünya üzrə azadlıq indeksi 17-ci ildir ki, geriləyir. 

Bildirilir ki, Rusiyanın aqressiv müharibəsi Ukraynada insan haqları sahəsində dağıdıcı nəticələrə səbəb olub.

Ötən il dünyada qeyri-azad sayılan 57 ölkədən 16-sının siyasi hüquqlar və mülki azadlıqlar üzrə vəziyyəti "pisin pisi" hesab olunub. 

Azərbaycan 9 balla Çin, Myanma, Yəmən kimi ölkələrlə bir sırada yer alıb. Gürcüstan 58, Ermənistan 54 balla qismən azad sayılıb.

Bildirilir ki, jurnalistlər avtokratların və onların tərəfdarlarının davamlı hücumları ilə üzləşir, eyni zamanda hədə-qorxulara qarşı lazımi müdafiə almırlar.

“Freedom House” eyni zamanda Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın “Rusiyanın Ukrayna ərazisini ilhaqını tanımaqdan imtinası”nı, Rusiya banklarına qarşı beynəlxalq sanksiyalara əməl etməsini alqışlayıb.

Belarus isə istisnadır. Səbəb isə bu ölkənin lideri Aleksandr Lukaşenkanın Ukraynaya qarşı müharibədə Rusiya ilə sıx əməkdaşlıq etməsidir. 

Təşkilat bildirib ki, "Azərbaycan qüvvələrinin irəliləməsi və sərhəd boyu Ermənistan ərazisini işğal etməsi" demokratik hökumət üçün təhlükədir.

Hesabatda medianın vəziyyəti də araşdırılıb. Qeyd olunub ki, Azərbaycan və Qazaxıstanda qanunverici orqanlar KİV və jurnalistlərə əlavə məhdudiyyətlər qoyub, xarici onlayn platformaların yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsini tələb edir.

Təşkilatın hesabatına görə, azadlıq və demokratiyanın geriləməsinin səbəbləri sırasında müharibə, çevrilişlər, qanunsuz liderlərin demokratik qurumlara basqısı da var.

Hesabatda bildirilir ki, bir qrup ölkələrdə demokratikləşmə baş tutmayıb. Sovet İttifaqının dağılmasından sonra yaranmış dövlətlərin əksəriyyətində hələ də sovet dövründən qalma əlaqələrlə öz üzvlərini zənginləşdirən və sadə vətəndaşları müflis edən kleptokratik şəbəkələr üstünlük təşkil edir. "Bu korrupsioner avtoritar rejimlər həm də regionda qeyri-sabitliyi artırır və demokratiyanı təhdid edir"- hesabatda bildirilir. 

Hesabatda deyilir ki, ifadə azadlığının sıfır bal yığdığı ölkələrin sayı ötən il bir il öncəylə müqayisədə 14-dən 33-ə yüksəlib. Azı 157 ölkədə və ərazidə isə media azadlığı təzyiqə məruz qalıb.

Azərbaycan hökuməti yayılan hesabatla bağlı heç bir açıqlama verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun