Vəkil: “Bəxtiyar heç kəsin şəxsi həyatı ilə bağlı məlumatları arxivləşdirməyib”

Vəkil: “Bəxtiyar heç kəsin şəxsi həyatı ilə bağlı məlumatları arxivləşdirməyib”
1 Mart 2023
Mətni dəyiş

 “Bir neçə qadından və onların ailə üzvlərindən Bəxtiyar Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı şikayət xarakterli müraciətlər daxil olub”

Martın 1-də Daxili İşlər Nazirliyi ictimai fəal Bəxtiyar Hacıyevin şəxsi məlumatlarının yayılması ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, Hacıyev saxlanılan zaman onun üzərində heç bir elektron cihaz olmayıb.

DİN Bəxtiyar Hacıyevin şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları təkzib edib.

“Hacıyevin şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatların haradan necə qaynaqlandığı, Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub. Həmin müraciətlər üzrə araşdırmalar aparılır".

Bətiyar Hacıyevin vəkli Elçin Sadıqov bildirib ki, Hacıyev özü burada zərərçəkmişdir.

Onun sözlərinə görə, Hacıyevin kibercinayətkarlığa məruz qalması ilə bağlı şikayət artıq Avropa Məhkəməsindədir.

“Bəxtiyar heç kəsin şəxsi həyatı ilə bağlı məlumatları arxivləşdirməyib. O, “Pegasus” proqramının qurbanlarındandır. Çox gümankı bu məlumatlar “Pegasus” vasitəsilə ələ keçirilib. Bəxtiyar Hacıyev “Pegasus” qurbanı olması ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. Əslində burada zərərçəkmiş elə Bəxtiyarın özüdür və onun həyatına müdaxilə olunub. Bəxtiyarın səhhətini nəzərə alıb aparılan kampaniya ilə bağlı ona məlumat verməmişik, səhhəti normallaşanda məlumat verib, hansı addımları atacağımızı məsləhətləşəcəyik” – deyə Bəxtiyar Hacıyevin vəkili Elçin Sadıqov bildirib.

2021-ci ilin iyulunda OCCRP beynəlxalq araşdırmaçı jurnalistlər Azərbaycanda da onlarla jurnalist, hüquq müdafiəçisi, vəkil və siyasi fəallara qarşı casus proqramından - Pegasusdan istifadə olunduğunu iddia edib. Bildirilib ki, İsrailin NSO Group şirkətinə məxsus proqram vasitəsilə onların elektron cihazlarındakı məlumatlar götürülüb.  

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da saxlanılıb. Ona ilk olaraq Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələrilə ittiham irəli sürülüb. Fevralın 23-də Xətai Rayon Məhkəməsində keçirilən iclasda Hacıyevin həbs müddəti daha 2 ay uzadılıb. Hacıyev 51 gün aclıq aksiyası edib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun