"Azəriqaz"ın işçisini polis saxlayıb, əməkdaşlar tətil elan edib

"Azəriqaz"ın işçisini polis saxlayıb, əməkdaşlar tətil elan edib
30 Mart 2023
Mətni dəyiş

Mirvari Qəhrəmanlı: “Azəriqaz”-ın işçidən polisə şikayət etməsi, haqqını tələb edən işçilərə təzyiq etməsi heç bir ölçüyə sığmır”

“Azəriqaz”-ın Ucar Xidmət Sahəsinin əməkdaşı İlkin Məmmədovun Ağsu Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Zaur Məmmədovla mübahisədən sonra işdən çıxarıldığı və saxlanıldığı bildirilir.

Bu barədə məlumatı Abzas Media-ya hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı verib.

Hüquq müdafiəçisi bildirib ki, Zaur Məmmədovla işlə bağlı mübahisədən sonra İlkin Məmmədov Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən çıxarılıb.

Onun sözlərinə görə, buna etiraz edən digər işçilər də müvafiq qurumlara etiraz ediblər və qısamüddətli tətil elan ediblər.

“İlkin Məmmədov bizimlə əlaqə saxladı, bununla bağlı məhkəməyə müraciət hazırlayırdıq. Sonradan məlum oldu ki, onu Ucar Rayon Polis Şöbəsi saxlayıb. Bildirilib ki, o, narkotik maddələrin istifadəsinə görə saxlanılıb və məhkəməyə çıxarılacaq. Mən də bununla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladım, dedilər, iş nəzarətə götürülüb. “Azəriqaz”-ın işçidən polisə şikayət etməsi, haqqını tələb edən işçilərə təzyiq etməsi, 20-25 işçinin haqqını qoyub kiminsə qohumu olan rəis müavini Zaur Məmmədovu müdafiə etməsi heç bir ölçüyə sığmır”- M. Qəhrəmanlı bildirib.

İlkin Məmmədovun atası Vidadi Məmmədov deyir ki, iki gündür oğlu ilə əlaqə saxlaya bilmir.

“Oğlumun heç bir pis vərdişi olmayıb. Şöbədə elə şeylər deyirlər ki, ağılagəlməz. Görüş vermirlər. Dedilər, sabah məhkəməyə çıxarılacaq, amma hələ çıxarılmayıb. İlkinin konfliktdə olduğu adamlardan heç biri əlaqə saxlamayıb. İndi eşitdiyimə görə, Ağsu Regional Qaz İstismarı İdarəsindən Ucar Xidmət Sahəsinə gəliblər, orada müdirlər danışırlar”.

“Azərqaz” İB-nın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, hüquq-mühafizə orqanları hadisəni araşdırır və əlavə şərh verə bilməzlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Abzas Media-ya bildirib ki, məsələ araşdırılır:

“Bununla bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da müraciət edib, məsələ nəzarətə götürülüb. Müxtəlif iddialar var, hazırda onlar araşdırılır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun