Azərbaycanda insanlar silahı haradan əldə edir?

Azərbaycanda insanlar silahı haradan əldə edir? Foto: Indepebdent Türkçə
10 Mart 2023
Mətni dəyiş

Təhlükəsizlik üzrə ekspert: "İkinci Qarabağ müharibəsində silahı gizlədənlər, satanlar, saxlayıb başqa vaxt istifadə edənlər olub"

Son iki həftədə Azərbaycanda iki silahlı insident olub. Hər iki hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.

Bəzi ölkələrdə silah əldə etmək qanunla mümkün olsa da, Azərbaycanda sadə insanların silah əldə etməsi qanunla qadağandır. Ancaq ov zamanı istifadə edilən müxtəlif növ tüfənglər əldə etmək mümkündür ki, bunun üçün də bir çox sənəd təqdim etmək lazımdır. Hər iki hadisədə istifadə olunan silahların ov silahı olmadığını nəzərə alsaq, bəs görəsən, bu silahlar haradan əldə edilib?

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Abzas Media-ya deyir ki, Azərbaycan iki müharibədən keçib və ölkədə silah əldə edilməsi çox da çətin bir şey deyil.

Onun sözlərinə görə, müharibə zamanı itən silahlar kimlərinsə əlinə keçir:

“Birinci Qarabağ müharibəsində iştirak etmiş bir adam kimi görürdüm ki, xeyli silah itir. O vaxt ağır texnika yox, yüngül atıcı silahlar itirdi. İkinci Qarabağ müharibəsində isə itki daha çoxdur. Bu itən silahlar da kiminsə əlinə düşür. Siz elə bilirsiniz ki, hamı gətirib təhvil verir? Təbii ki, silahı gizlədənlər, satanlar, saxlayıb başqa vaxt istifadə edənlər olub. Yəni, Azərbaycanda silah tapılması çətin bir şey deyil”.

Ekspert deyir ki, müxtəlif güc strukturlarında olan xidməti silahların da kiminsə əlinə keçməsi mümkündür:

“Biz Elmar Vəliyevin güllələnməsi zamanı gördük ki, həmin şəxs polis əməkdaşını döyüb, silahını ələ keçirmişdi. Belə hallar ola bilər. Ola bilər ki, biri deyir silahımı itirmişəm, cəza alır, ancaq o silahı satması onun üçün daha xeyirli olur. Burada birbaşa ittiham yoxdur, sadəcə deyirəm ki, mümkün olmayan bir şey yoxdur. Elə olur ki, kimdəsə uzun müddət silah olur və sonra onu kiməsə satır. Bu ciddi asayiş pozuntusudur. Ancaq inanmıram ki, bizdə kütləvi şəkildə silahlanma olsun”.

Martın 10-u günorta saatlarında Bakı Dövlət Sirkinin yaxınlığında silahlı hadisə olub. Polisin yaydığı məlumata görə, hadisə nəticəsində 2 nəfər xəsarət alıb, cinayəti törətməkdə şübhəli bilinən 1 nəfər saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun