Avropa Parlamenti: "Azərbaycanda insan hüquqlarını pozan rəsmilərə qarşı sanksiya qoyulmalıdır"

Avropa Parlamenti: "Azərbaycanda insan hüquqlarını pozan rəsmilərə qarşı sanksiya qoyulmalıdır" Avropa Parlamenti
17 Mart 2023
Mətni dəyiş

Parlament yaydığı hesabatda bildirib ki, Azərbaycanla enerji sektorunda əməkdaşlığa görə Aİ insan haqlarının və demokratiyanın pozulmasına göz yuma bilməz

Avropa Parlamenti martın 15-i Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri qiymətləndirən hesabat qəbul edib. 

Meydan TV-nin məlumatına görə, xorvatiyalı deputat Jelyana Zovkonun hazırladığı hesabat Azərbaycanın vacib enerji tərəfdaşı olduğunu vurğulamaqla bərabər, Azərbaycan hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırır.

Sənədin dinləmələrində çıxış edən Avropa deputatlarının çoxu Azərbaycan hökumətini beynəlxalq öhdəlikləri yerinə yetirməməyə, təməl azadlıqlar və insan haqları pozuntularının günbəgün artmasına görə tənqid ediblər.

Müzakirəyə çıxarılan hesabatın 50 nəfər lehinə, 6 nəfər əleyhinə səs verib, 4 nəfər isə bitərəf qalıb.

“Rusiyanın Ukraynaya təcavüzü Avropa İttifaqının Azərbaycanla enerji sektorunda əməkdaşlığını gücləndirib. Aİ buna görə Azərbaycanda insan haqlarının və demokratiyanın pozulmasına göz yuma bilməz”, – deyə sənəddə qeyd edilir.

Hesabat Azərbaycanı ifadə və media azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına, təməl insan hüquqlarının təmin edilməsinə, habelə siyasi məhbusların azad olunmasına çağırır.

Qərarda bildirilir ki, Azərbaycan və Ermənistan arasında ölümcül hərbi qarşıdurmalar vaxtaşırı alovlanır. Halbuki Azərbaycan 2020-ci ildə apardığı 44 günlük müharibədən sonra atəşkəs bəyanatına imza atıb:

“Yüzlərlə insan itkisi ilə nəticələnən atəşkəs rejimi bir neçə dəfə pozulub. Azərbaycan Ermənistanın suveren ərazilərini işğal edib. 2022-ci ilin sonundan Ermənistan və Dağlıq Qarabağ arasında Laçın dəhlizi ilə mülki nəqliyyatın hərəkətinə maneə törədib. Bu da regiona ərzaq və digər zəruri ləvazimatların çatdırılmasına mənfi təsir göstərib”.

Sənəddə qeyd olunur ki, 2022-ci ilin sentyabrında baş verən toqquşmalardan sonra çoxsaylı erməni hərbi əsirlərin fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qalması ilə bağlı iddialar ortaya çıxıb:

“İddialar arasında Azərbaycan qüvvələrinin mülki şəxslərə, o cümlədən yaşlı insanlara qarşı işgəncə və digər sui-istifadə halları da yer alır. Regionda yerləşdirilən Rusiya sülhməramlılarının Azərbaycandan gələcək hücumların qarşısını almaq istəmədikləri və bacarmadıqları hiss edilir. Sanki Rusiyanın Ukraynaya qarşı cinayətkar işğalçılıq müharibəsi başlayandan bəri sülhməramlıların bölgədəki mövcudluğu az hiss edilir”.

Avropa Parlamenti bildirir ki, Azərbaycanın insan hüquqları və əsas azadlıqlara hörmətlə bağlı göstəriciləri hələ də çox mənfidir.

“Azərbaycan hakimiyyəti dinc toplaşmaq və birləşmək azadlıqlarını təmin edən Azərbaycan Konstitusiyasına zidd davranır. Azadlıqları ardıcıl və ciddi şəkildə məhdudlaşdıraraq, toplaşmağın faktiki qadağan olunmasına şərait yaradıb. Azərbaycanda müstəqil fəallıq, tənqidi jurnalistika və müxalifətin siyasi fəaliyyəti üçün məkan ciddi şəkildə məhdudlaşdırılıb. Fəalların, hüquq müdafiəçilərinin və jurnalistlərin müstəqil qrupların fəaliyyətini məhdudlaşdıran qanun və qaydalar, həmçinin siyasi həbslər var”.

Sənəddə qeyd edilir ki, ölkədə hələ də müstəqil məhkəmə sistemi yoxdur. Vəkillərin işinə və müstəqilliyinə müdaxilə geniş yayılıb.

Bundan başqa, həbsxanalarda pis rəftar geniş vüsət alıb: “Məhbuslara ailəsi, vəkili ilə görüş məhdudiyyəti qoyulur. Onlar tibbi xidmətdən məhrum edilir”.

Avropa Parlamentinin sənədində müstəqil medianın durumundan da danışılıb.

Bildirilir ki, Azərbaycan hakimiyyəti davamlı olaraq müstəqil medianı sıxışdırır, ifadə azadlığını məhdudlaşdırır. Hökumətin siyasi opponentləri, hüquq müdafiəçiləri və jurnalistlər nifrət nitqinin və siyasi motivli zorakılığın hədəfinə çevrilir:

 “Onlar özbaşına həbs edilir. İşləri kifayət qədər araşdırılmır. 2021-ci ilin iyulunda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin reportajında Azərbaycan jurnalistlərinin NSO-nun “Pegasus” casus proqram aləti ilə hədəf alındığı da bildirilirdi“.

Sənəddə bildirilir ki, Azərbaycan LGBTİQ+ insanların müdafiəsinə yönəlmiş qanunvericilik və siyasətdə ən pis defisitə malik ölkələrdəndir:

“Azərbaycanda LGBTİQ+ insanlara qarşı nifrət nitqi və nifrət cinayəti davam edir. Baxmayaraq ki, 2022-ci ildə AŞPA Cənubi Qafqazda LGBTİQ+ insanların hüquqlarının pozulması ilə bağlı qətnamə qəbul edib. Pozuntuların aradan qaldırılması, qanunvericilikdə islahatların aparılması üçün hakimiyyət orqanlarına bir sıra müraciətlər edib”.

Sənəddə deyilir ki, Azərbaycan qadınlara qarşı zorakılığın qarşısının alınması, araşdırılması və cəzalandırılması və effektiv hüquqi tədbirlərin görülməsi üçün lazımi araşdırma öhdəliyini yerinə yetirmir. Ölkədə gender əsaslı zorakılıq geniş yayılıb.

Parlament bildirir ki, Azərbaycanda korrupsiya da geniş yayılıb.

Sənəddə 2018-ci il aprelin 15-də AŞPA-nın bir sıra keçmiş deputatlarının Azərbaycanın xeyrinə korrupsiya xarakterli fəaliyyətlə məşğul olmaları xatırladılır.

Avropa Parlamenti qəbul etdiyi sənəddə Avropa İttifaqına Azərbaycanda insan hüquqlarını kobud şəkildə pozan rəsmilərə, xüsusilə də bu hərəkətlərə yol verən hüquq-mühafizə orqanı nümayəndələrinə sanksiyaların qoyulmasına çağırış edib:

“Azərbaycan senzuraya yol verməməli, hakimiyyət internet azadlığını ehtiva edən qanunlarını Avropa standartlarına uyğunlaşdırmalıdır”.
Avropa Parlamenti Azərbaycan hökumətinə vətəndaş cəmiyyəti ilə sıx dialoq qurmaq, demokratiya və insan haqlarını təmin edən islahatların keçirilməsi üçün çağırış edib.

Sənəddə Azərbaycan jurnalistlərinin, siyasi fəalların, insan haqları müdafiəçilərinin ölkə daxilində və xaricində təqib olunması, Cinayət Məcəlləsindən fərqli düşüncəyə görə qisas vasitəsi kimi istifadə olunması pislənir.

Hesabat Azərbaycan hökumətini insanların sərbəst toplaşma hüququnun təmin edilməsinə çağırır.

Təəssüflə bildirilib ki, Azərbaycan Milli Azlıqların Qorunmasına dair Avropa Şurasının Konvensiyasını icra etmir. Habelə Azərbaycan siyasi partiyalar və media haqqında qısıtlayıcı yeni qanunlar qəbul edir.

Hesabatda Azərbaycanın və Ermənistanın aralarındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində atdıqları addımlar təqdir olunur, hər iki tərəfə regionda sülhün bərqərar olunması üçün imkanı əldən verməmək çağırışı edilir.

Azərbaycan tərəf bu barədə verdiyi rəsmi açıqlamada bildirir ki, Ermənistan ərazisinə təcavüzdən söhbət gedə bilməz. Həmin açıqlamada ittihamlar rədd edilir və sərhədlərin delimitasiya olunmadığı bildirilir.

Sənəddə həmçinin qeyd edilir ki, Azərbaycan və Ermənistan arasında müharibə zamanı və ondan sonrakı proseslərdə Aİ passiv mövqe tutub. Bu da Rusiya, İran və Türkiyə kimə regional oyunçuların prosesə təsir gücünü artırıb.

Nəticədə Moskva həm Ermənistan, həm də Azərbaycan üzərində təsirini saxlamaq məqsədilə ədalətsiz və ziyanlı rol oynayır. Rusiya faktiki olaraq Qarabağ münaqişəsinin həllində maraqlı deyil.

“Türkiyə regionda daha konstruktiv rol oynamaq üçün Azərbaycana birtərəfli dəstəyinə son qoymalı, həm də Ermənistanla münasibətlərin normallaşdırılmasına çalışmalıdır. Münaqişə başlanandan həm Ermənistan, həm də Azərbaycanın mədəni, dini və tarixi irsi məhv edilib, bu, ziyanlıdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun