Putin: “80 ildən sonra yenidən alman tankları ilə üz-üzəyik”

Putin: “80 ildən sonra yenidən alman tankları ilə üz-üzəyik”
3 Fevral 2023
Mətni dəyiş

V. Zelenski bildirib ki, Rusiya Qərbin Ukraynaya yardımına cavab olaraq “qisas almağa” hazırlaşır

Rusiya prezidenti Vladimir Putin Stalinqrad uğrunda döyüşlərin sona çatmasının 80-ci ildönümü ilə bağlı çıxışında Ukrayna müharibəsini Sovet İttifaqının faşist Almaniyasına qarşı müharibəsi ilə müqayisə edib.

Almaniyanın Ukraynaya “Leopard” tankları göndərmə qərarına toxunan Putin deyib: "İnanılmaz olsa da, həqiqətdir. Biz yenə Alman "Leopard" tankları tərəfindən təhdid edilirik".

Almaniya Ukraynaya öz ərazisini müdafiə etməsi üçün yardım edən bir çox ölkələrdən biridir.

Təxminən bir il əvvəl Rusiya hərbi qüvvələri Ukrayna ərazisinə daxil olduqdan sonra Qərb ölkələri Kiyev hökumətinə silah və yardım göndərməyə başlayıb.

"Rusiyanın döyüş meydanında məğlub olacağına ümid edənlər anlamırlar, elə bilirlər onlar üçün Rusiya ilə müasir müharibə fərqli olacaq" - Putin keçmiş Stalinqrad, indiki Volqoqrad adlanan şəhərdə çıxış edərkən deyib. 

"Biz tanklarımızı onların sərhədlərinə göndərmirik, lakin cavab vermək üçün imkanlarımız var və bu, zirehli texnikanın istifadəsi ilə məhdudlaşmayacaq. Bunu hamı başa düşməlidir" –  Putin bildirib.

Kremlin sözçüsü Dmitri Peskov da mətbuata deyib ki, “Qərbdən yeni maşınlar gəlməyə davam etdikcə, Rusiya daha çox cavab vermək potensialını qiymətləndirəcək”.

İkinci Dünya Müharibəsinin ən qanlı döyüşü olan Stalinqradda 91 min alman əsgəri təslim olmağa məcbur edildikdən sonra müharibənin gedişatı dəyişib.

Putin Ukraynada müharibə başlayandan bəri millətçilərə və nasistlərə qarşı mübarizə apardıqlarını iddia edir.

"İndi təəssüf ki, nasist ideologiyası öz müasir libasında, müasir görkəmində yenidən ölkəmizin təhlükəsizliyinə birbaşa təhdid yaradır. Yenə də biz Qərbin kollektiv hücumunu dəf etmək məcburiyyətindəyik"- deyə Putin əlavə edib. 

Bu arada Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Qərbin Ukraynaya yardımına cavab olaraq “qisas almağa” hazırlaşır:

"Rusiya hazırda qüvvələr toplayır. Bunu hamımız bilirik. Bu, təkcə Ukraynaya qarşı deyil, azad Avropa və azad dünyaya qarşı revanş hazırlığıdır".

Çıxış zamanı Zelenskinin yanında olan Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib ki, Aİ liderləri Rusiya iqtisadiyyatına əlavə sanksiyalar tətbiq etməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun