Müharibə ilə keçən bir il

Müharibə ilə keçən bir il
24 Fevral 2023
Mətni dəyiş

Bir il ərzində Ukraynada 9 min dinc sakin, 130 min hərbçi həlak olub, ölkəyə 138 milyard dollar ziyan dəyib

Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir.

Ötən 1 il ərzində Ukrayna hökumətinin məlumatına görə, 9000 dinc sakin həlak olub, 16.502 nəfər yaralanıb. 

"Foreign Policy" nəşri yazır ki, Amerika hökumətinin hesablamalarına görə, Ukrayna və Rusiyanın ayrı-ayrılıqda 130 min hərbçisi həlak olub və ya ağır yaralanıb. 
 
Müharibə Araşdırmaları İnstitutu fevralın 2-də yayımladığı hesabatda qeyd edir ki, Rusiya qüvvələri Ukraynanın 100 min kvadrat kilometrlik ərazisini işğalda saxlayır. Bu da Ukrayna ərazisinin 16,6 faizi deməkdir. 

Müharibə nəticəsində 8 milyon insan Ukraynanı tərk edib, başqa ölkələrə sığınıb. Ölkədə hələ də 17,6 milyon insan humanitar yardım gözləyir. 

"İndepented" nəşri məlumat verir ki, müharibə başlayandan bəri Ukraynaya ümumilikdə 138 milyard dollar ziyan dəyib. 

Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin 22 fevralında Prezident Vladimir Putinin Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan etməsi ilə alovlanıb.
 
24 fevralda Rusiya Ukraynaya hərbi müdaxiləyə başlayıb. Putin bunu “xüsusi hərbi əməliyyat” adı altında rəsmiləşdirib.
 
Rusiya qoşunları 4 istiqamətdən Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Ukraynanın şəhər və vilayətləri dəfələrlə raket hücumuna məruz qalıb. 

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Donesk, Luqansk, Xerson və Zaporojye əyalətlərinin Rusiyanın tərkibinə qatıldığını elan edib.

Noyabrın 11-də Ukrayna ordusu Xersona daxil olub.

Fevralın 20-də ABŞ prezidenti Co Bayden Kiyevə səfər edib və Ukraynanı sona qədər dəstəkləyəcəyini deyib.

Rusiya hökuməti müharibənin əvvəlində Ukraynanı hərbsizləşdirməyi hədəfləsə də, bu məqsədinə çata bilməyib. Ukrayna ərazilərini geri qaytarmaq üçün mübarizə aparmaqda davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun