İstintaqı yekunlaşan Afiəddin Məmmədova qarşı ittihamlar ağırlaşdırılıb

İstintaqı yekunlaşan Afiəddin Məmmədova qarşı ittihamlar ağırlaşdırılıb Foto: Amerikanın Səsi
27 Dekabr 2023
Mətni dəyiş

Fəalın rəhbərlik etdiyi İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının daha iki üzvü həbsdədir

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədova qarşı yeni ittihamlar irəli sürülüb. Abzas Media-ya bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkilin sözlərinə görə, istintaq yekunlaşıb və məlum olub ki, Afiəddin Məmmədova qarşı irəli sürülmüş ittihamlar ağırlaşdırılıb.

“O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq), 228.4-cü (qanunsuz soyuq silah daşıma) maddələrilə təqsirləndirilib”, – deyə vəkil bildirib.

Məmmədov buna qədər Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham olunurdu.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov bu il sentyabrın 20-də həbs olunub. O, tanımadığı şəxsə xuliqanlıq niyyətilə xəsarət yetirməkdə ittiham olunub. Barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Noyabrın 15-də həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Bu müddətdə təşkilatın digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar.

Hüquq müdafiə təşkilatları Afiəddin Məmmədovu və digər iki üzvü siyasi məhbus hesab edir, onlara qarşı irəli sürülmüş ittihamları uydurma sayırlar və bildirirlər ki, fəalların həbsləri işçi hüquqlarını müdafiə etdiklərinə görədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun