Həbsdə olan cəbhəçi quru aclığa başlayıb

Həbsdə olan cəbhəçi quru aclığa başlayıb Foto: Sosial media
29 Dekabr 2023
Mətni dəyiş

Qanunsuz narkotik dövriyyəsində ittiham olunan Elbəyi Kərimli əslində Heydər Əliyevin heykəlini yazdığı üçün həbs edildiyini bildirir

Dekabrın 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Elbəyi Kərimlinin həbs müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib. Abzas Media-ya bu barədə AXCP rəyasət heyətinin üzvü İlham Hüseyn məlumat verib.

“Məhkəmə Elbəyi Kərimlinin istintaq dövrü üçün həbs müddətini 20 gün artırıb. O, vəkili Nemət Kərimliyə bildirib ki, dekabrın 27-dən həbsinə etiraz olaraq quru aclığa başlayıb”, – deyə İlham Hüseyn bildirib.

Elbəyi Kərimlinin avqustda həbs olunduğu deyilir. AXCP 2 ay müddətində ondan xəbər ala bilməyib. Oktyabrın 25-də məlum olub ki, o, narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib və 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Elbəyi Kərimli ittihamları qəbul etmir və mərhum prezident Heydər Əliyevin heykəlini yazdığına görə şərlənərək həbs edildiyini deyir.

AXCP də ittihamları rədd edir. Partiyadan bildirildiyinə görə, Elbəyi Kərimli Heydər Əliyevin heykəlini yazıb video çəkən zaman saxlanılıb, daha sonra isə ona qarşı narkotik ittihamı irəli sürülüb.

Rəsmi qurumlar məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun