Bakı və regionlarda satışı qadağan olunmuş pirotexnikanın “gurultusu” kəsilmir

Bakı və regionlarda satışı qadağan olunmuş pirotexnikanın “gurultusu” kəsilmir Foto: Sfera az
29 Dekabr 2023
Mətni dəyiş

Ekspert: “Gömrük orqanlarının xəbəri olmadan pirotexniki vasitələr sərhəddən keçə bilməz”

2024-cü ilin gəlişinə 2 gün qalıb. Hər il yeni ilin gəlişi yaxınlaşdıqca ölkədə ən çox tələbat məhsulları sırasına pirotexniki vasitələr də daxil olur. Bu vasitələrin mülki dövriyyəsi qadağan olunsa da, həm satışını, həm də istifadəsini müşahidə etmək mümkündür.

Bəs görəsən, bu məhsullar Azərbaycana necə keçir və satışı necə həyata keçirilir?

Hüquq mühafizə orqanlarının rəsmi məlumatlarına nəzər saldıqda aydın olur ki, pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər ard-arda əməliyyatlarla saxlanılıb, məsuliyyətə cəlb olunurlar. Hətta Dövlət Gömrük Komitəsi də gömrükdən keçirilərkən aşkarlaya bilmədiyi bu cür məhsulları Kürdəmirdə satış vaxtı aşkarlayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Abzas Media-ya deyir ki, pirotexniki vasitələrin ölkəyə gətirilməsi qanunla qadağan deyil. Onun sözlərinə görə, məhsulların ölkəyə gətirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) icazəsi şərtdir:

“Ancaq uzun illər əvvəl Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bu vasitələrdən istifadəni qadağan edib. Bundan belə çıxır ki, bu vasitələrin Azərbaycana gətirilməsi müəyyən əllərdə cəmləşib, monopoliyaya alınıb.

Bu yaxınlarda gömrük orqanları daxili bazarda bir çox pirotexniki vasitələri ifşa etdi. Amma təəssüflər olsun ki, qurum bunları daxili bazarda axtarır. Hansı ki, gömrük orqanlarının xəbəri olmadan bu vasitələr sərhəddən keçə bilməzdi. Belə çıxır ki, bu vasitələr gömrük orqanlarındakı hansısa adamların xeyir-duası ilə daxili bazara gətirilir.

Neçə ildir bu bəla Azərbaycandan qurtarmır. Gömrük orqanları yanında ictimai şura var, ancaq onlardan bu barədə bir dəfə də səs çıxmayıb”, – deyə o, bildirib.

Eyyub Hüseynov deyir ki, bu məhsulların satışı və istifadəsilə mübarizədə ictimai nəzarət əhəmiyyətli rol oynayır:

“Mən bu günlərdə küçədə satışla rastlaşdım, etiraz edib yığışdırtdım. Burada həm də ciddi nəzarət lazımdır ki, qarşısı alınsın. Bununla bağlı qaynar xətt də olmalıdır ki, əhali satışı görəndə zəng edib müraciət etsin”, – E.Hüseynov bildirib.

Yerli qanunvericiliyə görə, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısı haqqında qanuna və ölkə başçısı İlham Əliyevin bununla bağlı imzaladığı 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli fərmana əsasən, bu məhsulların mülki dövriyyəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən xüsusi icəzə əsasında həyata keçirilə bilər. Bununla bərabər, Bakı Şəhər İcra Hakimiyyətinin 2001-ci ildə qəbul etdiyi qərarla, bu məhsulların fərdi şəxslər tərəfindən istifadəsi qadağan olunub.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən cavab almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun