Korrupsiyaya qarşı mübarizə aparan azərbaycanlı jurnalistlər Ülvi Həsənli və Sevinc Vaqifqızı 4 ay müddətinə həbs ediliblər
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini “Abzas Media”nın direktoru Ülvi Həsənlini və baş redaktoru Sevinc Vaqifqızını azad etməyə, Həsənlinin bazar ertəsindən bəri yoxa çıxmış müavini Məhəmməd Kekalovun harada olduğunu bildirməyə çağırır.
“Ülvi Həsənli və Sevinc Vaqifqızı barəsində tətbiq edilən həbs qərarları ilə hakimiyyət yalnız “Absas Media”nın cəsarətli antikorrupsiya xəbərlərini susdurmaq məqsədi güdür”, - CPJ-nin vəkillik və kommunikasiyalar üzrə direktoru Cipsi Gillen Kayzer deyib.
“Azərbaycan hakimiyyəti Vaqifqızı və Həsənlini dərhal azad etməlidir. Məhəmməd Kekalovun harada olduğu barədə məlumat verilməli və “Abzas Media”ya ictimai maraqlara uyğun mühüm reportajlarını davam etdirmək üçün imkan yaradılmalıdır”, – çağırışda deyilir.
Bazar ertəsi, noyabrın 20-də polis Ülvi Həsənlini həbs edib, onun mənzilində və müstəqil “Abzas Media” araşdırma saytının Bakıdakı ofisində axtarış aparıb. Orada 40 min avro (43,770 dollar) tapıldığı bildirilib.
Jurnalistin vəkili Zibeydə Sadıqovanın CPJ-yə verdiyi məlumata görə, mənzildən kompüter, mobil telefon, iWatch və harddisk, ofisdən isə mikrofon və harddisk də götürülüb.
Polis Sevinc Vaqifqızını çərşənbə axşamı saat 1:50-də Bakı hava limanında iş səfərindən vətənə qayıdarkən saxlayıb və evində axtarış aparıb.
“Abzas Media” xəbər verir ki, çərşənbə axşamı paytaxt Bakının rayon məhkəməsi Ü.Həsənli və S.Vaqifqızını ölkəyə pul keçirməkdə təqsirli bilərək 4 ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Günahları sübuta yetirilərsə, onları Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bazar ertəsi günü özünü təqdim etməyən mülki geyimli şəxslər "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalovu Bakıdakı evindən noutbuku və cib telefonu ilə birlikdə aparıblar. Ötən gün axşam saatlarına olan məlumata görə, Kekalovun harada olduğu məlum deyildi.
Həsənli və Vaqifqızı ittihamları rədd edərək, baş verənləri “Abzas Media”nın Azərbaycan prezidenti İlham Əliyevin qohumları və dövlət məmurlarının korrupsiya faktları ilə bağlı araşdırmalarına görə qisas adlandırıblar. “Abzas Media” tərəfindən yayımlanan videogörüntülərə görə, Həsənli polisin bu işi uydurmaq üçün pulu ofisə özlərinin yerləşdirdiyinə inandığını deyib.
“Abzas Media” 2014-cü ildən başlayaraq müstəqil media və mətbuat azadlığı qruplarına qarşı bir sıra reydlər, həbslər və cinayət araşdırmalarından sonra ölkədə qalan azsaylı müstəqil nəşrlərdən biridir.
2021-ci ildə Sevinc Vaqifqızı İsrailin NSO Group şirkəti tərəfindən hazırlanmış “Pegasus” casus proqramı vasitəsilə telefonları sındırılmış bir neçə azərbaycanlı jurnalistdən biri olub. Qlobal İstintaq Şəbəkəsi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinə əsasən, Ülvi Həsənlinin də adı “Pegasus” proqramının hədəf aldığı şəxslərin ictimaiyyətə sızdırılmış siyahısında yer alıb.
CPJ-nin Bakı şəhər Baş Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə göndərdiyi elektron məktublara cavab verilməyib.