“Azərbaycanda korrupsioner elita əvəzinə jurnalistlər həbsxanaya düşür”

“Azərbaycanda korrupsioner elita əvəzinə jurnalistlər həbsxanaya düşür” Foto:Global Voices
28 Noyabr 2023
Mətni dəyiş

Sərhədsiz Reportyorlar israrla “Abzas Media” rəhbərliyinin azadlığa buraxılmasını tələb edir

 

Sərhədsiz Reportyorlar (RSF) israrla Bakıda fəaliyyət göstərən bir neçə müstəqil xəbər saytlarından biri olan “Abzas Media”nın qaçaqmalçılıq ittihamı ilə saxlanılan direktoru, direktor müavini və baş redaktorunun dərhal azad edilməsini tələb edir.

Onların həbsinin qəbuledilməz təqib olduğunu deyən RSF beynəlxalq diqqəti Azərbaycanda mətbuat azadlığının azalmasına yönəldib.

Direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov və baş redaktor Sevinc Vaqifqızı barəsində “valyuta qaçaqmalçılığı” ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Polis bildirir ki, noyabrın 20-də Azərbaycanın hakim dairələri arasında korrupsiya ilə bağlı jurnalist araşdırmaları yayımlayan “AbzasMedia”nın ofisində 5 saatlıq axtarış zamanı 40 min avro nağd pul tapılıb.

“Abzas Media” polisi həbslərə haqq qazandırmaq üçün pulu ofisə qəsdən qoymaqda ittiham edir. Noyabrın 21-də direktor və baş redaktor barəsində cinayət istintaqının başlanması ilə nəticələnən məhkəmə iclasında heç kim zala buraxılmayıb, polis digər media nümayəndələrinə saxlanılan iki jurnalistin görüntülərini çəkməyə icazə verməyib.

“Azərbaycanın sosial quruluşu alt-üst olur. Pis əməlləri haqda yazdıqları korrupsioner elitanın əvəzinə jurnalistlər özləri həbs olunurlar. Görünür, hakimiyyətdə olanlar prezident İlham Əliyevin repressiv yeni media qanununu ölkədə qalan bir neçə müstəqil media orqanını sıxışdırmaq üçün yetərli hesab etmirlər.

RSF beynəlxalq ictimaiyyətin diqqətini vəziyyətin pisləşməsinə yönəldir, Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalovun azadlığa buraxılmasına çağırır”, - RSF-in Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Janna Kavelye bildirib.

 

Korrupsiya araşdırmaları ilə bağlı sorğu-sual ediliblər

 

“Tezliklə üç jurnalist həbs edilib. Saytın redaksiyasının məlumatına görə, Həsənli noyabrın 20-də paytaxt Bakıda hava limanına gedərkən maskalı şəxslər tərəfindən saxlanılıb, döyülüb və “Abzas Media”nın korrupsiya araşdırmaları ilə bağlı dindirilib.

Ülvi Həsənlinin itkin düşdüyünü ilk açıqlayan Vaqifqızı ertəsi gün, noyabrın 21-də Azərbaycana qayıdarkən həbs edilib və həmkarlarının dediyinə görə, dindirilmə zamanı zorakılığa məruz qalıb.

Noyabrın 20-də mülki geyimli polis əməkdaşları tərəfindən evində saxlanılan Kekalov barəsində üç gün məlumat almaq mümkün olmayıb. Üç gündən sonra o, valideynlərinin tutduğu vəkillə görüşə bilib, amma onun hüquqi xidmətindən imtina edib. Dostlarının dediyinə görə, güman ki, Kekalov bunu təzyiq altında etməli olub.

Hədə-qorxu və maneələr davam edir. “Abzas Media” ilə əməkdaşlıq edən iki jurnalist – Sahilə Aslanova və Nərgiz Absalamova noyabrın 23-də “şahid qismində” üç saatdan çox dindirilib. Bu arada polis “Abzas Media”nın ofisinin kilidlərini dəyişərək jurnalistləri redaksiyaya girişdən məhrum edib.

Eyni zamanda, hakimiyyət digər müstəqil jurnalistlərə qarşı qarayaxma kampaniyaları təşkil edir. “Abzas Media”nın həbsindən az sonra Sərhədsiz Reportyorlar təşkilatı hökumətyönlü Report.az xəbər agentliyinin dərc etdiyi və digər təbliğat vasitələri tərəfindən tirajlanan absurd, yalan şayiələrin obyektinə çevrilib.

Sərhədsiz Reportyorlar təşkilatının 2023 Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 151-ci yerdə olan Azərbaycanda mətbuat azadlığı ilə bağlı vəziyyət durmadan pisləşir. 2022-ci ilin fevralında qüvvəyə minən “Media haqqında” Qanun konstitusiyanı və Bakının ratifikasiya etdiyi beynəlxalq müqavilələri pozur və ölkənin ən müstəqil xəbər saytlarını sıxışdırmağa yönəlib”, - təşkilatın bəyanatında deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun