Tofiq Yaqublu həbsdə aclıq elan edib

Tofiq Yaqublu həbsdə aclıq elan edib Foto: Əziz Kərimov
5 Yanvar 2023
Mətni dəyiş

"Tofiq Yaqublunun başına gələcək hər şeyə görə İlham Əliyev məsuliyyət daşıyır"

Bu gün Milli Şuranın və Müsavat partiyasının üzvü Tofiq Yaqublunun inzibati həbsi ilə bağlı verilən apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Tofiq Yaqublu İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ona ailəsi ilə görüş verilməməsinə, sovqatların qəbul olunmamasına və məhkəmə qərarına etiraz olaraq aclıq elan edib. Bu barədə onun qızı Nigar Yaqublu Facebook hesabında məlumat yayıb. O deyib ki, atası bu aclığı çətin keçirəcək:

"Tofiq Yaqublu verdiyi qərarlarda çox prinsipial olduğunu dəfələrlə sübut edib. Eyni zamanda onun öd kisəsi əməliyyat zamanı götürülüb. İndiki aclıq artıq əvvəlkilər kimi olmayacaq. Səhhətində gün keçdikcə geridönməz hallar baş verəcək.
Tofiq Yaqublunun başına gələcək hər şeyə görə İlham Əliyev və Daxili İşlər Nazirliyi, eləcə də nazir Vilayət Eyvazov məsuliyyət daşıyır"- Nigar Yaqublu bildirib.

T. Yaqublu 23 dekabrda ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq keçirilən aksiyada iştirak edən zaman saxlanılıb və daha sonra məhkəməyə aparılaraq haqqında 30 sutka inzibati həbs qərarı seçilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) ittiham olunub. T. Yaqublu ittihamı qəbul etməyib və bunu siyasi fəaliyyəti ilə əlaqələndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun