İlham Əliyev: "Terrorçuların cəzalandırılmasını tələb edirik"

İlham Əliyev: "Terrorçuların cəzalandırılmasını tələb edirik" Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi/google
27 Yanvar 2023
Mətni dəyiş

Rəsmi Bakı səfirliyə silahlı hücumun şəxsi zəmində olduğunu düşünmür

“Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!" – deyə Prezident İlham Əliyev Azərbaycanın İrandakı  səfirliyində baş verən silahlı hücum barədə "Twitter" hesabında yazıb.

İ. Əliyev hadisə nəticəsində həyatını itirən mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun ailəsinə başsağlığı verib.

Xarici İşlər Nazirliyi səfirliyə silahlı hücuma görə İran hökumətinin məsuliyyət daşıdığını bildirib.

Bu barədə nazirliyin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə deyib.

“Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsinin şəxsi zəmində olduğunu düşünmürük. Hücumla bağlı bütün məsuliyyəti İran daşıyır”.

Bundan əvvəl Tehran polisinin rəisi Sərdar Hüseyn Azərbaycan səfirliyinə hücum edən şəxslərdən birinin saxlanıldığını deyib. O bildirib ki, ilkin ehtimallara görə hücum şəxsi məsələlər kontekstində baş verib:

“Səfirliyə hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Səfirliyə hücum edən şəxs iki azyaşlı uşağı ilə birlikdə olub və ilkin ehtimallara görə hücum şəxsi məsələlərlə bağlı olub” –Sərdar Hüseyn bildirib.

Yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun