“Xidmətdən qayıtmaq üçün qərarı çıxmışdı, 10-15 günə evə qayıdacaqdı”

“Xidmətdən qayıtmaq üçün qərarı çıxmışdı, 10-15 günə evə qayıdacaqdı”
15 Sentyabr 2022
Mətni dəyiş

Son döyüşlərdə həlak olan 18-19 yaşlı gənclərin valideynləri danışır

Müdafiə Nazirliyinin sentyabrın 15-də açıqladığı rəsmi məlumata görə, Azərbaycan-Ermənistan arasındakı hərbi gərginlikdə ümumilikdə 71 hərbçi həyatını itirib.

Həyatını itirən hərbçilərin siyahısında 16 nəfər 2003-2004-cü illərdə dünyaya gəlmiş 18-19 yaşlı gənclərdir.

Onlardan biri Şəkinin Kiçik Dəhnə kəndindən olan 2003-cü il təvəllüdlü Nihad Qasımovdur. Atası Mehman Qasımov deyir ki, Nihad 2021-ci ilin aprelində hərbi xidmətə yollanıb.

Onun sözlərinə görə, evə qayıtması ilə bağlı qərarı çıxıb və 10-15 günə evə qayıdacaqmış:

“Hərbi xidmətə getdikdən sonra 3 ay Gəncədə saxladılar, sonra Kəlbəcərə apardılar. Mənim balam da hamının balası kimi şəhid olub, vətən sağ olsun” - deyə Mehman Qasımov bildirib.

Neftçala rayonun Bankə qəsəbəsinin sakini, 2003-cü il təvəllüdlü Rafael Fətullayev də son döyüşlərdə həyatını itirib.
Onun əmisi Ədil Ədilov deyir ki, Rafaelin xidmətdən qayıtmağına 15 gün qalıbmış. Onun sözlərinə görə, hərbi xidmətə yollandıqdan sonra 3 ay hazırlıq keçib, ondan sonra Kəlbəcərə posta göndəriblər: “Elə orda da şəhid oldu. Sonuncu dəfə şəhid olmamışdan 10 saat əvvəl ailəsilə danışıb” - deyə Ədil Ədilov bildirib.

Cəllabad rayonunda dünyaya göz açan 2003-cü il təvəllüdlü Rəşad Qasımov da son döyüşlərdə həyatını itirənlər arasındadır.

Onun əmisi Araz Qasımov deyir ki, Rəşadın da hərbi xidməti başa vurmaqla bağlı qərarı verilibmiş.

Onun sözlərinə görə, Rəşad həyatını itirməsə, 10-15 günə evə qayıdacaqmış:

“Hərbi xidmətə getdikdən sonra ilk 2-3 ay Gəncədə qaldı, sonradan Kəlbəcərə, döyüş bölgəsinə apardılar. Çox vətənpərvər oğlan idi. Əsgər paltarı geyinib eləcə deyirdi ki, əsgər getmək istəyirəm. Ön cəbhədə olmaq öz ürəyincə idi” – deyə Rəşadın əmisi Araz Qasımov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun