VİP sədri Əli Əliyevə qarşı yeni ittiham irəli sürülüb

VİP sədri Əli Əliyevə qarşı yeni ittiham irəli sürülüb
19 Sentyabr 2022
Mətni dəyiş

Yeni ittihamla Əli Əliyevə 5 ilədək həbs cəzası verilə bilər

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı yeni cinayət işi açıldığı bildirilir. Bu barədə partiya sosial şəbəkə hesabından məlumat yayıb. 

Məlumata görə, Əli Əliyevin Cinayət Məcəlləsinin 127.2.3-cü (Ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxs kimi tanındığı bildirilir.

Partiyanın məlumatında deyilir: "Əli Əliyevin qanunsuz həbs həyatı yaşadığı Bakı İstintaq Təcridxanasında onunla bir kamerada saxlanan şəxslə insident yaşaması və ona, guya, xəsarət yetirməsi iddiası ilə bağlı istintaq işi Sabunçu rayon Polis İdarəsində aparılır. İstintaqın gedişində şahid qismində ifadəsi alınan Əli Əliyev indi təqsirləndirilən şəxsdir".

Yeni ittihamla Ə.Əliyevə 5 ilə qədər həbs cəzası verilə bilər.

Partiya açıqlamasında bu ittihamı "qondarma" adlandırıb. Yeni ittihamı Ə.Əliyevin hakimiyyətli davamlı, sərt tənqid etməsi ilə əsaslandırıb:
“Hakimiyyət VİP sədrini zərərsizləşdirməyin tək yolunu onu uzun müddət həbsdə saxlamaqda görür. Əks halda, artıq barəsində üç qondarma ittiham üzrə qanunsuz həbs qərarı çıxarılmış Əli Əliyevə qarşı dördüncü və növbəti qondarma cinayət işinin açılmasına ehtiyac qalmazdı".

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Bakı İstintaq Təcridxanasında baş verən hadisə ilə bağlı məlumat verməkdən imtina edib. O bildirib ki, bu barədə istintaq orqanı məlumat verə bilər. 

Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı məlumatlı deyil. 

VİP sədri Ə.Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı ilə 5 ay azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə DSX-in digər zabiti Ramin Ədilovun da Əliyevə qarşı şikayətini təmin edərək cəzanın müddətini bir ay uzadıb.

İddialara səbəb Ə.Əliyevin 2021-ci il noyabrın 30-da DSX-ya məxsus Mİ-17 helikopterinin qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması barədə açıqlamasıdır. Ə.Əliyev hər iki hökmü rədd edərək həbsini "siyasi sifariş" adlandırıb. O, məhkəmədə vurğulayıb ki, həmin şəxslərin helikopterdə olduğuna inanmır.

Ardınca - iyunun 23-də Yasamal Rayon Məhkəməsi Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini də təmin edərək Əliyevin cəzasını 1 ilədək artırıb. 2021-ci ilin sentyabrında Göyüşovun şəxsi həyatına aid görüntülər yayılandan sonra o, YAP-dan çıxarılıb. Göyüşov iddia edir ki, onunla bağlı video sosial şəbəkələrdə yayılandan sonra VİP sədri də internet televiziyalarından birində onu təhqir edib. Əliyev isə bununla razılaşmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun