“Şəhid qardaşının üzr videosunu çəkib yaymaq mənəvi-əxlaqi çürümənin zirvəsidir”

“Şəhid qardaşının üzr videosunu çəkib yaymaq mənəvi-əxlaqi çürümənin zirvəsidir”
16 Sentyabr 2022
Mətni dəyiş

Sənan Əhmədovun hərbidəki rüşvət iddiasından sonra təkzib videosu Müdafiə Nazirliyində çəkilib? 

Ermənistan-Azərbaycan arasında baş verən son silahlı toqquşmada  həyatını itirən hərbi qulluqçu Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun təkzib videosu yayılıb.

O, bir müddət əvvəl idmançı Kamil Zeynallı ilə video müsahibədə deyib ki, qardaşı ikiqat maaş almaq üçün komando briqadasına təyinat almaq istəyib: “Deyiblər ki, şirinlik verərsən həll edərik. 6 min istəyiblər. O isə bankdan 6 min manat kredit götürüb rüşvət verib”- Sənan Əhmədov bildirib. 

Bu açıqlamadan sonra, həm Müdafiə Nazirliyi, həm də Baş Prokurorluq açıqlama yayaraq bildirib ki, məsələ araşdırırılır.

Ertəsi gün, 15 sentyabrda yaxasında mikrafon, başıaşağı vəziyyətdə kamera qarşısına keçən Sənan Əhmədov bir müddət əvvəl qardaşının komando biriqadasına necə düşməsilə bağlı dediyi fikirlərdən imtina edib: 

“Maraqlandım ki, o, krediti ailə-məişət məsələsi üçün götürüb. Rüşvət verməsilə bağlı məsələ deyil. Xahiş edirəm ki, siz də bununla bağlı daha heç nə yazmayın. Qardaşımın ruhunu və ailəmizi narahat etməyin”.

Təkzib videosu yayılan gün “Haqqın.az” saytının rəhbəri, jurnalist Eynulla Fətullayev Sənan Əhmədovla birlikdə olan fotosunu paylaşıb. Fotoda görünən yer, Sənan Əhmədovun təkzib videosundakı yerlə çox bənzərdir. Eynulla Fətullayev suallara cavab olaraq Facebook hesabında fotonun Müdafiə Nazirliyində çəkildiyini bildirib.  

Təkzib videosu sosial şəbəkələrdə yayıldıqdan sonra, böyük ictimai qınağa səbəb olub. Sosial şəbəkə istifadəçiləri #üzristəyirəm həşteqi ilə kampaniyaya başlayıblar. Həşteqlə həm tənqid videoları çəkilir, həm də statuslar yazılır.

Müsavat partiyasının üzvü Elman Fəttah: “Şəhidin qardaşının təkzib videosu ölkənin  hərbi, siyasi və hüquqi elitasının  ədalət və ləyaqət hissini tam itirməsinin kollektiv təzahürüdür”  

Politoloq Şahin Cəfərli: “Şəhid qardaşının üzr videosunu çəkib yaymaq mənəvi-əxlaqi çürümənin zirvəsidir. Sistem beyinsizdir, düşünə bilmir, məntiqi yoxdur. Bu sistem ancaq əzməyə, alçaltmağa, məhv etməyə proqramlanmış kobud bir zorakılıq mexanizmidir”

SMDT sədri Anar Məmmədli: “…Fakt budur ki, hərbi-müdafiə xərcləri də daxil olmaqla büdcədən illərdir oğurlayırsız, rüşvətxorluğu himayə edir, bundan qidalanırsız”

Qarabağ qazisi Rey Kərimoğlu AbzasMediaya  açıqlamasında bildirib ki, bu çox biabırçı haldır, şəhidə həqarətdir.   Onun sözlərinə görə, bunu kimlər edibsə, cəzalandırılmalıdırlar:   “Necə olur, bir nəfərə 20 min vermişəm dediyinə görə adamı hələ tam dəqiqləşmədən aparıb həbsə atırlar, amma burda üzr videosu çəkdirirlər. Burada söhbət şəhiddən gedirdi və araşdırılmalı idi. Bu düzgün yol deyil və əminəm ki, dövlət bu məsələdə sözünü deyəcək” - Rey Kərimoğlu bildirib.

Müdafiə Nazirliyi  təkzib videosunun nazirlikdə çəkilməsi ilə bağlı məlumatların yalan olduğunu bildirib:   “Sosial şəbəkələrdə məlum foto və videogörüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi olmadığını qətiyyətlə bildiririk. Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur” - deyə nazirlik açıqlama yayaraq bildirib.

Baş Prokurorluq məlumat paylaşaraq bildirib ki, Sənən Əhmədovun yaydığı təkzib videosu da araşdırılır. 

Gün ərzində Sənan Əhmədovla danışmaq cəhdlərimiz baş tutmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun