"Rusiyanın işğalı zamanı İzyum şəhərinin ən azı min dinc sakini öldürülüb"

"Rusiyanın işğalı zamanı İzyum şəhərinin ən azı min dinc sakini öldürülüb"
12 Sentyabr 2022
Mətni dəyiş

Ukraynanın İzyum şəhərinin Rusiya tərəfindən işğalı zamanı ən azı min mülki sakini həlak olub. Bunu İzyum Şəhər Şurasının sədri Maksim Strelnikov deyib.

“İşğalçılar başqa yerlərdə olduğu kimi burada da hərbi cinayətlər törətdikləri üçün onları gizlətməyə çalışırdılar. Bizdə olan məlumata görə, hərbi əməliyyatlar nəticəsində azı min yerli sakin həlak olub. Təəssüf ki, bir çox insan onlara vaxtında tibbi yardım göstərilmədiyi üçün zərər gördü”, - Korrespondent.net Strelnikovdan sitat gətirir.

Şəhər Şurasının sədrinin sözlərinə görə, hazırda hakimiyyətin qarşısında duran prioritet vəzifələrdən biri sakinlərin dərman preparatları ilə təmin edilməsi, xəstələrin və yaralıların xəstəxanaya yerləşdirilməsindən ibarətdir. Başqa bir ciddi problem istiliyin bərpasıdır.

“Şəhərin infrastrukturunun 80%-dən çoxu, təəssüf ki, dağıdılıb. Bunlar həm də fərdi, çoxmənzilli yaşayış binaları, dövlət və bələdiyyə müəssisələri, eləcə də sənaye obyektləridir. Ən pisi odur ki, qarşıdan qış gəlir. Sakinlərin əksəriyyətinin istifadə etdiyi mərkəzləşdirilmiş istilik sistemi isə sıradan çıxıb”, - Strelnikov bildirib.

Oxşar məlumatı BBC ilə söhbətində İzyum şəhərinin meri Valeri Marçenko səsləndirib. “Hələ mart ayından işğalçıların təyyarə və artilleriya ilə bombardman etdiyi şəhərimiz darmadağın edildi, hündürmərtəbəli binalara, infrastruktura ziyan dəydi. Demək olar ki, bütün qazanxanalar bombalanıb və istilik mövsümü böyük sual işarəsidir. Hündürmərtəbəli binaların demək olar ki, 70%-i sıradan çıxıb, tamamilə bombalanıb. Vəziyyət çox ağırdır”, - deyə o bildirib.

Rus qoşunları sentyabrın 10-da İzyumdan geri çəkilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda şəhərdə “stabilləşmə tədbirləri” aparılır, xüsusən də Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin axtarışı üçün ərazini təmizləyir. Daha sonra ruslarla əməkdaşlıq edənləri müəyyən etmək üçün şəhər ərazisində “filtrləmə” aparılacaq.

Avqustun sonunda Ukrayna ordusu əks hücuma keçib və sentyabrın 9-da Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində yazdan bəri işğal altında olan 30-dan çox şəhər və kəndi azad etdiyini bildirib. Sentyabrın 11-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bəyan edib ki, Ukrayna üç min kvadrat kilometrdən çox ərazini öz nəzarəti altına qaytarıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun