Qazaxıstanın paytaxtı Nur-Sultanın adı yenidən Astanaya dəyişdirilir

Qazaxıstanın paytaxtı Nur-Sultanın adı yenidən Astanaya dəyişdirilir
13 Sentyabr 2022

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev parlament deputatlarının ölkə paytaxtının adının Nur-Sultandan yenidən Astanaya dəyişdirilməsi təşəbbüsünü dəstəkləyib. Bu barədə Tokayevin mətbuat katibi Ruslan Jeldibay “Facebook” hesabında yazıb.

Mövzu ilə prezidenti məlumatlandıran deputatlar təşəbbüsü sakinlərlə görüşlərdə səslənən təkliflərə, eləcə də referendum zamanı vətəndaşların çoxsaylı müraciətlərinə əsaslanaraq etdiklərini bildiriblər. Dövlət başçısının razılığı ilə parlamentarilərin təklifi Konstitusiya qanunu layihəsinə daxil edilib.

Qazaxıstan prezidentinin mətbuat katibi vurğulayıb ki, Tokayev “Nursultan Nazarbayevin Qazaxıstanın müasir dövlətçiliyinin möhkəmləndirilməsində və paytaxtın formalaşmasında həlledici rolunu tarixi fakt kimi qiymətləndirir”. Prezident hesab edir ki, Nazarbayevin adını daşıyan digər obyektlər öz adlarını saxlamalıdırlar.

2019-cu ilin martında Tokayev andiçmə mərasimində çıxışı zamanı müvafiq təklifi irəli sürdükdən sonra Qazaxıstanın paytaxtının adı Astanadan Nur-Sultana dəyişdirilib.

Qazaxıstanın paytaxtı 1998-ci ildən Astana adlandırılıb. Bundan əvvəl şəhər 1992-ci ildən Akmola adlanırdı və paytaxt deyildi, Alma-Ata (Almatı) bu statusa malik idi.

Nursultan Nazarbayev Qazaxıstanın ilk prezidenti olub. O, bu vəzifəni 1991-ci ilin dekabrından 2019-cu ilin martınadək icra edib. Nazarbayevin varisi Tokayev olub. Nazarbayev prezidentlikdən gedərək Qazaxıstan Təhlükəsizlik Şurasına rəhbərlik etməyə davam edib və onun qohumları isə rəhbər vəzifələrdə qalıblar.

2022-ci ilin yanvarında Qazaxıstanda qazın bahalaşmasına etirazlarla başlayan irimiqyaslı iğtişaşlar baş verib. Etirazçıları yatırtmaq məqsədilə Tokayev xüsusilə KTMT ölkələrinin silahlı qüvvələrini dəvət edib. İğtişaşlar fonunda Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb, onun qohumları dövlət və kommersiya strukturlarındakı mövqelərini itiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun