Nensi Pelosi: “Bu hücum azərbaycanlıların təşəbbüsüdür və bunu etiraf etmək lazımdır”

Nensi Pelosi: “Bu hücum azərbaycanlıların təşəbbüsüdür və bunu etiraf etmək lazımdır”
18 Sentyabr 2022
Mətni dəyiş

XİN: “Son hərbi gərginlik Ermənistanın təxribatından sonra baş verib və Azərbaycan öz ərazi bütövlüyünü qoruyub”

'Reuters' agentliyinin məlumatına görə, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfəri zamanı “sərhəddəki döyüşlərə azərbaycanlıların Ermənistana hücumları səbəb olub və münaqişənin xronologiyası aydınlaşdırılmalıdır” deyib.

N.Pelosi “Azərbaycanın Ermənistan ərazisinə qanunsuz və ölümcül hücumlarından” sonra bu səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib:

“Bu hücum azərbaycanlıların təşəbbüsüdür və bunu etiraf etmək lazımdır. Biz bu hücumları qətiyyətlə pisləyirik” - deyə o bildirib.

Pelosinin sözlərinə görə, Birləşmiş Ştatlar Ermənistanın müdafiə ehtiyaclarının nə olduğunu öyrənir, eyni zamanda Vaşinqton demokratiya ilə avtokratiya arasındakı qlobal mübarizədə Ermənistana kömək və dəstək vermək istəyir.

Azərbaycan Xarici İşlər Nazirliyi Pelosinin fikirlərinə reaksiya verib. Nazirlik yaydığı bəyanatda bildirib ki, son hərbi gərginlik “Ermənistanın təxribatından sonra baş verib və Azərbaycan öz ərazi bütövlüyünü qoruyub”.

Nazirlik Pelosinin Ermənistandakı çıxışını ABŞ Konqresində baş tutacaq seçkilərlə əlaqələndirib:

“Qarşıdan Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür N.Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir” – deyə cavabda qeyd olunub.

Bildirilib ki, N.Pelosinin söylədikləri “Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir”.

Sentyabrın 12-dən etibarən Azırbaycan-Ermənistan arasında hərbi gərginlik artıb. Hər iki tərəf bir-birini təxribatda ittiham edib. 2 gün davam edən döyüşlərdə Azərbaycan 80, Ermənistan isə 105 hərbçisini itirdiyini açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun