KTMT Ermənistana sülhməramlılar göndərməyəcək

KTMT Ermənistana sülhməramlılar göndərməyəcək
15 Sentyabr 2022
Mətni dəyiş

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır. Bu barədə KTMT-nin qərargah rəhbəri Anatoli Sidorov məlumat verib.

Sidorov təşkilatın Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini vurğulayıb.

“Gəlin, tələsməyək. Sentyabrın 13-də dövlət başçıları yekdilliklə bəyan etdilər ki, Ermənistanla Azərbaycan arasında mövcud olan bu problem siyasi və diplomatik üsullarla həll edilməlidir. Yəni nə sentyabrın 13-də, nə dünən, nə də bu gün hər hansı bir güc tətbiqinə gərək var. Məncə, yaxın gələcəkdə də KTMT-nin iştirakı ilə hərbi güc tətbiqindən söhbət getmir”, – deyə Anatoli Sidorov Moskvada keçirdiyi brifinqdə deyib.

O bildirib ki, səfərin yekunlarına əsasən KTMT missiyası təşkilata üzv ölkələrin dövlət başçılarının rəhbərlərinə hesabat təqdim edəcək.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 13-də təşkilatın iclasında Ermənistan-Azərbaycan sərhədinə KTMT missiyasının göndərilməsi təklifi ilə çıxış edib.

Sentyabrın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ərazi bütövlüyünün bərpası və Azərbaycan ordusunun çıxarılmasının təmin edilməsi üçün KTMT-yə 4-cü maddəyə əsasən müraciət etdiyini açıqlayıb.

Müqavilənin bu maddəsi hərbi yardımın göstərilməsini nəzərdə tutur.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyi 71, Ermənistan isə 105 hərbçisini itirdiyi haqda məlumat yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun