İlham Əliyevlə bağlı status yazan gənc fəala 30 sutka həbs cəzası verildi [yenilənib]

İlham Əliyevlə bağlı status yazan gənc fəala 30 sutka həbs cəzası verildi [yenilənib]
20 Sentyabr 2022
Mətni dəyiş

“Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli 30 sutka həbs cəzası alıb.

Bu barədə fəal Əziz Məmiyev öz "Facebook" hesabından canlı yayım açaraq məlumat verib.

Bildirilir ki, Ə.Məmmədliyə qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ittiham irəli sürülüb.

*****

“Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli naməlum istiqamətə aparılıb

"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədlinin sentyabrın 20-də saxlanıldığı bildirilir. Bu barədə hərəkatın üzvü Samir Sultanov AbzasMedia-ya məlumat verib.

S.Sultanov bildirib ki, günorta saatlarında iki nəfər mülki geyimli şəxs Əhməd Məmmədlini Bakıda, İslam Səfərli küçəsində saxlayaraq maşına mindirib, naməlum istiqamətə aparıb.

"Saat 1-ə qalmışdı biz üzü Qış parkına tərəf gedirdik. Bu zaman iki nəfər mülki geyimli şəxs Əhmədin qoluna keçdi. İkimiz də müqavimət göstərəndə üçüncü şəxs məni kənara çəkdi, Əhmədi maşına qoyaraq apardılar. Maşının nömrəsi 77 CZ 439 idi”. 

Samir Sultanov əlavə edib ki, Ə. Məmmədlini saxlayarkən telefonunu da əlindən alıblar.

O, hərəkat sədrinin saxlanılmasına səbəb kimi 4 gün öncə Twitter hesabında yazdığı bu postu göstərib: 

“İlham Əliyev təkcə Azərbaycan xalqına deyil, həmçinin erməni xalqına qarşı törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələr qarşısında bir gün mütləq cavab verəcək. Demokratik Azərbaycanın ilk işi xalqları bir-birinə düşmən edənləri cəzalandırmaq olacaq”- Əhməd Məmmədli yazıb. 

S. Sultanov hərəkat sədrinin hara aparıldığını bilmədiyini və artıq DİN-in 102 qaynar xəttinə faktla bağlı məlumat verdiyini söyləyib. Samir Sultanov təfərrüatların öyrənilməsi üçün 26-cı polis bölməsinə çağırıldığını deyib.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev bildirib ki, Əhməd Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb və araşdırma aparılır. DİN-in sözçüsü ictimai fəalın hansı səbəbdən saxlanılması ilə bağlı məlumatsız olduğunu deyib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun