İlham Əliyev: “Bizi heç kim Ermənistan ərazilərinə girməkdə ittiham edə bilməz”

İlham Əliyev: “Bizi heç kim Ermənistan ərazilərinə girməkdə ittiham edə bilməz”
21 Sentyabr 2022
Mətni dəyiş

Ölkə başçısı bildirib ki,  sərhəddin delimitasiyası keçirilmədən heç kim deyə bilməz ki, sərhəd haradan keçir

“İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə, sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər” .

Prezidentin rəsmi saytı xəbər yayıb ki, bu sözləri ölkə başçısı İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan Azərbaycanı onların ərazisinə girməkdə ittiham edirsə, bunun heç bir əsası yoxdur:

“ Bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”- İlham Əliyev bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan 14 sentyabrda etdiyi çıxışda bildirib ki, əgər Azərbaycan öz sərhədinin hazırda dayandığı yerdə olması ilə öyünmək prinsipini rəhbər tutsa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaq:

 “ Əgər azərbaycanlılar keçmiş Sovyet sərhədlərində dayansalar, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq”- deyə Paşinyan bildirib.

Sentyabrın 12-dən 13-nə keçən gecə hər iki ölkə arasında silahlı toqquşma olub. Onlar bir-birini təxribat törətməkdə ittiham ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun