“Tərtər işi” ilə bağlı daha bir neçə nəfər həbs edilib

“Tərtər işi” ilə bağlı daha bir neçə nəfər həbs edilib
5 Sentyabr 2022
Mətni dəyiş

Cinayət işi yenilənəndən sonra 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

“Tərtər işi” üzrə işgəncəyə məruz qalan daha 288 şəxs müəyyən edilərək zərərçəkmiş kimi tanınıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. İşgəncə faktları ilə bağlı bu vaxta qədər 405 nəfər zərərçəkmiş şəxs müəyyən edilib.

İstintaq yenilənəndən sonra Təmkin Nizamioğlunun da işgəncələr nəticəsində vəfat etməsi barədə sübutlar əldə edildiyindən, onun meyiti ekshumasiya edilib və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə  bu hal təsdiqini tapıb.

Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Bəkir Orucov, Ramil Əhmədov barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işləri üzrə icraatın təzələnməsindən bu vaxta qədər 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 1 nəfər axtarışa verilib, 4 nəfər isə başqa cinayətlərə görə cəzaçəkmə müəssisələrində cəza çəkdikləri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilməyib.

Baş Prokurorluq 2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən xahiş edir ki, “961” Çağrı Mərkəzinə müraciət etsinlər.

Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində 2017-ci ilin may-iyun aylarında bəzi hərbi qulluqçular dövlətə xəyanətdə ittiham olunaraq dindiriliblər. Baş Prokurorluq bildirir ki, dindirilmə zamanı bir qrup hərbi qulluqçu saxlanılan hərbçiləri işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar.

Prokurorluq işgəncələr nəticəsində 10 nəfərin öldüyünü bildirib.

2021-ci ilin sonundan “Tərtər işi”nin icraatı yenilənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun