Aksiya öncəsi müxalifətçilər polisə aparılır

Aksiya öncəsi müxalifətçilər polisə aparılır
30 Sentyabr 2022
Mətni dəyiş

AXCP üzvləri bildirir ki, polis onların evlərinin qarşısında post qurub 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 30-da Milli Məclisin qarşısında keçirməyə hazırlaşdığı aksiyadan öncə artıq fəalların və partiya üzvlərinin saxlanılmasına başlanılıb. 

AXCP-nin Təşkilat Şöbəsinin rəhbəri Saqif Qurbanov AbzasMedia-ya bildirib ki, partiyanın  8 üzvü saxlanılıb. Onların hansı polis idarələrində olması ilə bağlı dəqiq məlumat yoxdur. 

Şöbə rəhbəri bildirib ki, partiya fəallarından Rövşən Quliyev izahat alınması adı ilə Nərimanov rayon 16-cı Polis Bölməsinə aparılıb.

S. Qurbanov partiyanın bütün rəhbər şəxslərinin, fəallarının evlərinin qarşısında polis postlarının qurulduğunu deyib: 

“Mənim öz evim ayın 28-dən 24 saat izlənilir. Hətta gecə saatlarında maşınlarını qapımdan 8-10 metr uzaqlıqda saxlayırdılar. Bu gün də evim nəzarətdədir” – S.Qurbanov deyib.

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun saxlanıldığı bildirilir. O, evdən çıxarkən ətrafındakı mülki maşınları çəkərək onu izlədiklərini bildirib. Onun qızı Nigar Həzinin verdiyi məlumata görə, T.Yaqublunu mülki geyimli şəxslər saxlayıb. 

AXCP sədrinin müavini Seymur Həzi də saxlanılıb. Bu barədə fəalın ailəsi məlumat verib.
 
AXCP-nin Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmli sosial media hesabından bildirib ki, mülki geyimli polislər onun evini mühasirəyə alıb. 

Müsəlman Birliyi Hərəkatının iki üzvü - Samir Babayev və Etibar İsmayılov da saxlanılanlar arasındadır. Bu barədə “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə məlumat verib. O bildirib ki, hərəkatın üzvləri evdən çıxarkən saxlanılıb və onların harada olması ilə bağlı məlumat yoxdur. L. İsmayılzadə deyib ki, saxlanılan şəxslər aksiyada iştirak etməyi planlaşdırırdılar. 

Səhər saatlarında jurnalist Anar Abdulla da izahat alınması adı ilə Nərimanov rayon 18-ci Polis Bölməsinə aparılıb, lakin bir neçə saat sonra sərbəst buraxılıb. Polis jurnalistə bildirib ki, onu aksiyaya görə saxlayıblar. 

DİN-in mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov AbzasMedia-ya bildirib ki, Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb:

"Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi o sərbəst buraxılacaq"- Z. Hüseynov bildirib. 

Saxlanılan digər şəxslərlə bağlı o, məlumatlı olmadığını bildirib.

AXCP “Siyasi partiyalar haqqında” qanun layihəsinə etiraz etmək, həmçinin siyasi məhbuslara azadlıq, azad seçki, demokratik dəyişikliklər, quru sərhədlərin açılması, Rusiyada hərbi səfərbərliyə alınmaq təhlükəsi ilə üzləşən azərbaycanlıların vətənə qayıdışının təşkili tələbləri ilə 30 sentyabrda Milli Məclisin qarşısında aksiya keçirəcəyini açıqlayıb.

Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsinə icazə verməyib. 

DİN bildirib ki, aksiya zamanı baş verə biləcək bütün xoşagəlməz hallara görə təşkilatçılar məsuliyyət daşıyacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun