Türk, fars, erməni...

Türk, fars, erməni... Seymur Baycan
3 Avqust 2022
Mətni dəyiş

Ukrayna-Rusiya müharibəsi başlayandan sonra türk siyasi şərhçilərinin Rusiya, Putin sevgisinin efirlərdə açıq şəkildə fəvvarə vurması bir çox azərbaycanlıların pərtliyinə səbəb oldu. Nəticə çıxaracaqlarmı? Çətin. Kor-koranə sevgi hissləri, üstəlik, türklərin yüksək artistlik qabiliyyəti, heç nədən obraz yaratmaq istedadları nəticə çıxarmağa imkan verməyəcək. Həm də öz evində bozbaşı qoyub, qonşunun (oxu: Türkiyənin) qayğanağına tamah salmaq artıq azərbaycanlıların həyat fəlsəfəsinə, həyat tərzinə çevrilib. Tam ciddi deyirəm, adamlar tanıyıram məhz türkcə danışmaq üçün İstanbula, Ankaraya, nə bilim, Bursaya gedirlər. Gedib orda qarşılarına çıxan adama “gəliyorum”, “gediyorum”, “ağlıyorum” deyirlər, türkcə danışaraq özlərini sakitləşdirib geri qayıdırlar.

Dünən Fənərbaxça-Dinamo Kiyev oyununda azarkeşlər Putinə sevgi nəğmələri oxuyublar. İndi xeyli sayda azərbaycanlı yuyulmamış çömçə kimi özlərini ortaya ataraq Fənərbaxça azarkeşlərini hər vəchlə dəstəkləməklə, onlara hər vəchlə haqq qazandırmaqla məşğuldur. Bəs rəqib komandanın oyunçuları, rəqib komandanın məşqçisi azarkeşləri təxribata çəkiblər... Sizdən soruşan oldu ayın neçəsidir? Azərbaycanlıların türklərə qarşı münasibətini bir atalar sözü dəqiq ifadə edir:

“Qız evində toydur, oğlan evinin xəbəri yoxdur”.

Qəribə mənzərə yaranıb. Azərbaycanlılar türkləri sevirlər, türklər də rusları, Putini.

Bu gün hər hansı formada Putinə, Rusiyaya haqq qazandırmaqla, Hitlerə, Hitler Almanıyasına haqq qazandırmaq arasında heç bir fərq yoxdu. Rəqib komandanın məşqçisi, oyunçuları azarkeşləri təxribata çəkib kimi söhbətlər  ucuz bəhanələrdən başqa bir şey deyil. Hər şeyi öz adıyla çağırsaq,  Fənərbaxça- Dinamo Kiyev oyununda Fənərbaxça azarkeşləri Hitlerə, Hitler Almaniyasına, faşistlərə  öz sevgilərin izhar ediblər. Hadisənin əsl məğzi, mahiyyəti  bundan ibarətdir. Zərrə qədər vicdanı, ədalət hissi olan adam baş verən rüsvayçı hadisəyə görə utanmalıdır, xəcalət çəkməlidir. Zərrə qədər siyasi şüuru, dərrakəsi olan Fənərbaxça azarkeşi baş verən rüsvayçı hadisəyə görə üzr istəməlidir. Ta durub hadisəyə hər hansı bir formada haqq qazandırmağa əbəs yerə cəhdlər etməməlidir. Fənərbaxça- Dinamo Kiyev oyununda baş verən hadisə Türkiyəni, türkləri bütün dünyada biabır etdi, Türkiyənin, türklərin reputasiyasın ağır zərbə vurdu. Bunu kim başa düşmürsə, düşmək istəmirsə, deməli,  həmin adamın əqlində ciddi problem var.                  

Bəs, yaxşı, türklərdə bu Putin, bu Rusiya sevgisi haradan qaynaqlanır, bu sevgi mənbəyini haradan götürür? Bu suala hər kəs bir cür cavab verə bilər. Məncə, türklərin Rusiya, Putin sevgisinin, əsasən, iki səbəbi var.

Birincisi, türklər rus mədəniyyəti qarşısında özlərini ciddi şəkildə zəif hiss edirlər. Daha doğrusu, türklər rus ədəbiyyatı, rus mədəniyyəti qarşısında açıq-aşkar əzilirlər. Dostoyevski haqqında yeri gəldi-gəlmədi elə ərkyana tərzdə danışırlar ki, elə bil Dostoyevski ilə bir yerdə illərlə sürgündə olublar. Elə bil Dostoyevski ilə sürgündə illərlə bir qabdan yemək yeyiblər. Hərçənd rus ədəbiyyatı haqqında nə qədər heyranlıqla danışsalar da qanıb-qandıqları bir şeydə yoxdur. Günəşi tamamilə küləş başa düşüblər. Ovqatım pis olanda, ovqatımı düzəltmək üçün türk yazıçılarının, alimlərinin rus ədəbiyyatı haqqında söhbətlərinə qulaq asıram. Əksər hallarda müsbət təsir göstərir.  Gülməmək mümkün deyil.

İkincisi, türklər casus, xəfiyyə, gizli qüvvələr, gizli dosyelər janrında söhbətləri çox sevirlər. Türkiyədə itə daş atırsan, daş gedib araşdırmaçı-yazara dəyir. Gizli qüvvələr, dünyanı idarə edən gizli təşkilatlar, casuslar, xəfiyyələr, gizli dosyelər janrında söz-söhbəti manyakal dərəcədə sevən türklər üçün Putin obrazı çox doğmadır, çox əzizdir. Putin obrazı onların gizli qüvvələr, gizli dosyelər, casuslar, xəfiyyələr janrında söz-söhbətlərinin üstünə bol-bol yağ tökür;  KGB-dən gəlib, hər şeyi bilir, gizli silahları var, qərb dünyasını oyuna çəkdi  və bu qəbildən olan digər hətərən-pətərən fikirlər...          

***  

Deyir yüz dəfə imam üçün ağlayanda, bir dəfə də Yezid üçün ağla. Bir insan, bir qövm bir işi yüksək dərəcədə bacarırsa, hətta həmin insanı, həmin qövmü bəyənməsən belə, bunu etiraf etməkdə özündə güc tapmalısan. Həqiqətən də, türklər peyindən konfet düzəltməyin, heç nədən obraz yaratmağın  ustasıdırlar. Mən bir türk tanıyırdım. Bu insan Nitşenin kitabını götürdü əlinə. Kitabın bir əvvəlinə, bir ortasına, bir axırına göz gəzdirdi. Yarımca saat sonra kitab haqqında elə şövqlə danışmağa başladı ki, onu tanımasaydım ömrünün ən azı yarısını Nitşenin həyat və yaradıcılığına həsr etdiyini düşünərdim. İntellektual cəhətdən bir az boş adam olsan, bir az müşahidə qabiliyyətin zəif olsa, istənilən türk Dostoyevskidən, Tarkovskidən, Tolstoydan danışaraq səni asanlıqla, rahatlıqla barmağına dolaya bilər.

Məşhur bir ifadə var. Mif düzəltmək bacarığı yaxşı şeydir, amma gərək özün heç vaxt düzəltdiyin mifə inanmayasan. Bu çox çətin məsələdir. Nazik ipin üstündə yerimək kimi bir şeydir. Türklər peyindən konfet düzəltməyə o qədər ürəklə girişirlər ki, peyinin konfet olduğuna özləri də inanırlar. Sonra başqalarından da peyinin konfet olduğuna inanmağı tələb edirlər. Başqaları peyinin konfet olmadığını qətiyyətlə bəyan etdikdə, ağlayırlar, sızlayırlar “ədalətin bumu dünya?” tərzində mahnılar oxuyurlar.  Peyindən konfet düzəltmək, sonra peyinin, həqiqətən, konfet olduğuna inanmaq, daha sonra buna başqalarının da inanmasını tələb etmək, başqaları peyini konfet kimi qəbul etməyəndə, ağlamaq, sızlamaq mərəzi nə qədər bir-birini bəyənməsələr də, türkləri, farsları, erməniləri birləşdirən, onları bir-birinə oxşadan ən ortaq cəhətdir. Son illərdə azərbaycanlılar da iri addımlarla bu dəstəyə qoşulmaqdadır. Necə deyərlər, atı atın yanında bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar.

Seymur Baycan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun