Hüquqşünas: "Şuşada bəzi sahibkarlıq fəaliyyətlərinin qadağan olunması mübahisəli mövzudur"

Hüquqşünas: "Şuşada bəzi sahibkarlıq fəaliyyətlərinin qadağan olunması mübahisəli mövzudur"
13 Avqust 2022
Mətni dəyiş

Avqustun 12-də “Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı” təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Beləliklə, 35 fəaliyyət növü Şuşa şəhərində qadağan edilib.

Bəs görəsən, bu qadağalar nə qədər hüquqidir? Sahibkarlığın inkişafına, gələcəkdə Şuşada yaşayan sakinlərin əməyə çatımlılığına maneə yaratmayacaq?

AbzasMedia bu suala cavab tapmaq üçün ekspertlərin fikirlərini öyrənib.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Şuşanın xüsusi statusu haqqında qanunun qəbul edilməsi hökumətə müəyyən məhdudiyyətlər yaratmaqla bağlı səlahiyyət verib. Ekspertin sözlərinə görə, buna baxmayaraq, yaxşı olardı ki, Nazirlər Kabineti bu qərarı verərkən nəyə əsaslandığını izah edərdi.

"Təəssüf ki, bu günə qədər bu tipli qərarlar verərkən dövlət qurumları, o cümlədən Nazirlər Kabineti ciddi bir açıqlama, araşdırma təqdim etmir. Ona görə də, əgər sahibkarlıq fəaliyyətilə bağlı müəyyən qadağalar olacaqsa, onun alternativi də olmalıdır. Aydın olmalıdır ki, gələcəkdə Şuşa şəhərində yaşayan sakinlər hansı təsərrüfatla məşğul olacaqlar, qazanc yerləri hara olacaq? Ancaq məlum olur ki, hələlik Şuşa şəhərində əsasən dövlət büdcəsindən maliyyələşən insanların dolanışığı olacaq. Bir də, bir neçə otelin fəaliyyət göstərməsini qeyd edə bilərik. Yəni, hələlik bunlar məlumdur, Şuşada təsərrüfat fəaliyyəti nə olacaq, Şuşa şəhəri hansı sahə üzrə ixtisaslaşacaq, məlum deyil", - deyə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, məsələyə iki istiqamətdən baxmaq lazımdır, birincisi formal-hüquqi, ikincisi məzmun.

Ekspertin sözlərinə görə, 2021-ci ildə Şuşa şəhəri ilə bağlı qəbul edilən qanunun 8-ci maddəsində qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanı Şuşa şəhərində icazə verilən fəaliyyət növlərinin siyahısını müəyyən edir.

"Yəni, Nazirlər Kabineti qanun icrasını formal olaraq həyata keçirir. Qanunla bağlı fərmanda da qeyd olunmuşdu ki, bu qanundan irəli gələn məsələləri Nazirlər Kabineti həll edir. Nazirlər Kabineti də buna istinad edərək belə bir siyahı müəyyən edib", - deyə hüquqşünas bildirib.

Ələsgər Məmmədli deyir ki, o, işin məzmun baxımından mübahisəli olduğunu düşünür. Onun sözlərinə görə, bu fəaliyyətlə Konstitusiyanın 15-ci maddəsinin arasında bir ziddiyət var.

"Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsi "İqtisadi İnkişaf və Dövlət" başlığı altında deyir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında, sosialyönlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə də inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bununla bərabər, Konstitusiyanın 59-cu maddəsi azad sahibkarlıq hüququnu təminat altına alır və onun 2-ci bəndi deyir ki, dövlət sahibkarlıq sahəsini yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi çərçivəsində tənzimləyə bilər. indi Şuşa məsələsinə baxsaq, burada insan həyatı və sağlamlığı mövzusu mövcud deyil. Qalır dövlət maraqları mövzusu, bunu da ölçmək o qədər asan deyil. Ancaq hesab edirəm ki, əgər sahibkarlıq sahəsinə qadağalar gətirilirsə, bu ölçülə bilər. Ona görə də hesab edirəm ki, məsələ bu istiqamətdən biraz mübahisəlidir. Çünki dövlət marağı azad sahibkarlığın hər yerdə normal şəkildə realizə olunmasını tələb edir, nəyinki onun qadağan olunmasını", - deyə Ələsgər Məmmədli bildirib.

Hüquqşünas deyir ki, Milli Məclis bu qanunu qəbul edərək niyə belə qadağalar nəzərdə tutub, aydın deyil. Ekspertin sözlərinə görə, Şuşa şəhərinin tarixi varlığını qorumaq üçün bütün fəaliyyəti qadağan etmək bu varlığı qorumayacaq.

"Hüquqda tənzimləmək və qadağan etmək tamamilə fərqli məsələlərdir. Tənzimləmək müəyyən bir çərçivəyə salmaqdırsa, qadağan etmək ümumiyyətlə yox deməkdir. Ona görə burada müəyyən tənzimləmələr ola bilərdi. Çünki orada qadağan olunmuş 35 növ fəaliyyət növünün bəzilərinin ümumiyyətlə nə Şuşanın tarixi ilə, nə insan həyatı və sağlamlığı ilə, nə də dövlət maraqları ilə heç bir əlaqəsi yoxdur. Məsələn, gübrənin satışı niyə dövlət maraqlarına zidd olmalıdır ki? Yəni, məhdudlaşdırmalar o zaman doğru olur ki, arxasında dayanan hüquqi, legitim məqsədlərə xidmət etsin. Ancaq burada bu məhdudlaşdırmanın hüquqi və legitim məqsədlərə xidmət etməsi ciddi şübhə yaradır  ", - deyə hüquqşünas Ələsgər Məmmədli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun