“Sputnik Azərbaycan”ın dörd redaktoru Rusiyanın bəyanatını yayımlamaqdan imtina edərək istefa verib

“Sputnik Azərbaycan”ın dörd redaktoru Rusiyanın bəyanatını yayımlamaqdan imtina edərək istefa verib
5 Avqust 2022
Mətni dəyiş

"Sputnik Azərbaycan" agentliyinin rusdilli versiyasının dörd redaktoru birdən Rusiya Müdafiə Nazirliyinin Qarabağda sonuncu döyüş əməliyyatları zamanı Azərbaycan SQ-nin atəşkəs rejimini pozması haqqında məlumatını dərc etməkdən imtina edərək, istefa verib.

İstefa verənlər Zülfiyyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və Gülzar Mustafayevadır.

Gülzar Mustafayeva bu barədə öz Facebook səhifəsində yazıb:

"Beləliklə, bu gündən etibarən "Sputnik-Azərbaycan"la yollarımın ayrıldığını bildirirəm. Mən və bəzi həmkarlarım öz vəzifəmizdə Azərbaycanın mövqeyini müdafiə etmək üçün əlimizdən gələni və gəlməyəni etdik.

Azərbaycan Respublikasının vətəndaşı olaraq mən buradakı işimdən utanmıram, hər cəhətdən vicdanım təmizdir. Bizi əyməyə çalışanda isə nöqtəni qoyduq və sadəcə olaraq çıxıb getdik".

"Sputnik-Azərbaycan" Rusiyanın "Sputnik" Dövlət Agentliyinin yerli şöbəsidir.

Bu KİV-in fəaliyyəti uzun müddətdir Azərbaycanda tənqid obyektidir. Azərbaycan qanunvericiliyinə və ölkənin maraqlarına zidd materialların dərc edilməsi ilə əlaqədar bir sıra rəsmi şəxslər dəfələrlə "Sputnik-Azərbaycan"ın bağlanması tələbi ilə çıxış ediblər. 

Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun