Salman Rüşdi çıxışı zamanı hücuma məruz qalıb

Salman Rüşdi çıxışı zamanı hücuma məruz qalıb
13 Avqust 2022
Mətni dəyiş

Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi Nyu Yorkda səhnədə çıxış edərkən hücuma məruz qalıb. O, bir tədbirdə mühazirə oxulamalıydı.

Bildirilir ki, bir nəfər səhnəyə çıxıb və aparıcının təqdim etməkdə olduğu Rüşdiyə yumruq və bıçaq zərbələri endirib.

Hadisə zamanı çəkilən videolarda yazıçının yerə yıxıldığı və həkimlərin onun yardımına qaçdığı görünür.

Hücum avqustun 12-də Nyu Yorkda Şatokua İnstitutunda baş verib.

Son məlumata gprı, yazıçının gözünü itirmək ehtimalı var.

Bu barədə onun agenti Endryu Uayli məlumat verib.

“Xəbərlər pisdir. Salman, çox ehtimal, bir gözünü itirəcək. Qolunda sinirləri kəsilib, bıçaq zərbəsi nəticəsində qaraciyəri zədələnib”, - deyə agent bildirib.

Onun sözlərinə görə, Rüşdi süni nəfəs aparatına qoşulub.

Bir çox dindarlar “Şeytan ayələri” kitabını İran və bir çox müsəlman ölkələrində qadağan olunmuş Rüşdini “kafir” adlandırırlar.

Kitab 1988-ci ildə çap edildikdən az sonra İranın ovaxtkı lideri ayətüllah Ruhulla Xomeyni Rüşdinin ölümünə fətva verib.

Lakin İran hökuməti sonrakı illərdə Xomeyninin fətvası ilə əlaqəsinin olmadığını bildirib.

2012-ci ildə yarımrəsmi İran dini fondu Rüşdinin öldürülməsi üçün 2.8-3.3 milyon dollar mükafat pulu toplayıb.

Kitabın yapon dilinə tərcüməçisi 1991-ci ildə bıçaqlanaraq öldürülüb.

Lakin Xomeyninin xələfi ayətüllah Əli Xameneyi 2005-ci ildə deyib ki, Rüşdi barəsində ölüm fətvası qüvvədə qalır.

İllərlə müxtəlif məxfi məkanlarda yaşayan Rüşdi iddia edirdi ki, adamlar sözü gedən fətvanın icrasında maraqlı deyillər. O daha sonra fətva haqqında xatirlərini yazıb.

Britaniyanın baş naziri Boris Conson ABŞ-da keçirilən ədəbiyyat tədbirində Salman Rüşdiyə edilmiş hücumdan sarsıldığını bildirib:

“Mənim bütün fikrim indi onun yaxınlarının yanındadır. Biz ümid edirik ki, hər şey yaxşı olacaq”.

Ədəbiyyat üzrə Nobel mükafatlarını verən İsveç komitəsi 2016-cı ildə fətvanı pisləyib və bildirib ki, yazıçının öldürülməsi üçün vəsait toplanması beynəlxalq qanunun kobud şəkildə pozulmasıdır.

Nyu York polisi hücum edənin saxlandığını və dindirildiyini bildirib.

Artıq hücum edən şəxsin kimliyi açıqlanıb. Məlum olub ki, o, 24 yaşlı Nyu-Cersi sakini Hadi Mataradır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun